AZ

Tələbələr üçün “tramplin”: Kolleclərin çətin dövrü başlayır

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.  

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. 

Cari tədris ilinin qəbul planına uyğun olaraq 6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə), 152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə) komissiyalar da fəaliyyət göstərməyəcək. 

Qeyd edək ki, kolleclərdə artıq bir sıra pedaqoji ixtisaslara qəbul dayandırılıb. Pedaqoji ixtisasların, o cümlədən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə qəbulun dayandırılması kolleclərdə digər ixtisasların da ləğvi ilə nəticələnəcəkmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri "Cümhuriyət”-ə bildirib ki, yeni qərara əsasən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə qəbul dayandırıldı: 

“Əslində demək olar ki, bütün pedaqoji ixtisaslar kolleclərdən yığışdırılmışdı. Yalnız iki ixtisas-" Fiziki tərbiyə müəllimliyi" və "Məktəbəqədər tərbiyə" ixtisası qalmışdı. Bəzi pedaqoji ixtisaslar da var. 

Məsələn, ailə təhsili, inklüziv təhsil və s. Ancaq bunlar birbaşa sinif otağı, şagirdlərlə təmas deyil. Son olaraq kolleclərdən "Texnologiya fənni müəllimliyi" ixtisası yığışdırıldı. Bu, bir tərəfdən yaxşıdır. 

Deməli, biz beynəlxalq təcrübə standartlarına görə, bu kimi ixtisasların əsasən universitet modelli təhsil proqramını dəyərləndirdik. Əslində belə də olmalıdır”. 

Ekspert bildirib ki, bütün pedaqoji ixtisaslar universitetdə tədris olunmalıdır:

“Mən kolleclərdə çalışanların, ömrünü oraya həsr edənlərin əməyini mənfi qiymətləndirmirəm. Orada təhsil alanlara uğurlar arzu edirəm. Ancaq reallıq odur ki, kollec təhsili universitet təhsilini əvəz etmir. Həm keyfiyyətə, həm də əmək bazarındakı yerinə görə bu belədir. 

Məsələn, tibb profilli kolleclərin fəaliyyəti yaxşıdır. Orada təhsil alanlar əmək bazarında öz yerini tapa bilərlər. Ancaq həkimlərin, alimlərin fikrincə, dünyada "Tibb bacısı" ixtisası əsasən universitet ixtisası hesab edilir və bu, belə də olmalıdır. Kolleclərin sadəcə formatı dəyişməlidir. 

Tədris keyfiyyəti ilə yanaşı, özünün əmək bazarındakı rentabelliyini düşünməlidir. Bu gün gənclərin kolleclərə marağı aşağı səviyyədədir. Kolleclərdən universitetə imtahansız qəbul prosesi olmasa, kollecə imtahan verənlərin sayının dəfələrlə az olduğunu görə bilərik. 

Bu, belə olmamalıdır. Bəli, bir zamanlar kolleclərdə pedaqoji ixtisasları bitirənlər arasında çox güclü müəllimlər də var idi. Ümumiyyətlə, bir müddət subbakalavr təhsili özünün müəyyən proqramına görə çox seçilirdi. 

İndi artıq bu formallaşıb, praktiklik çatışmır. Əmək bazarı praktikliyi sevir. Yəni bu praktikliyi kolleclərə qaytarmaq lazımdır". 

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

tələbələr Elmin Nuri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr