Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik regionu yenidən böyük qarşıdurma təhlükəsi ilə üz-üzə qoyub. Xüsusilə Hörmüz boğazı və Bəsrə körfəzi ətrafında baş verən son hadisələr göstərir ki, tərəflər arasında əldə olunan nisbi sakitlik hələ davamlı sabitlik anlamına gəlmir. Ekspertlər hesab edirlər ki, bölgədə istənilən yanlış addım genişmiqyaslı böhrana səbəb ola bilər.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, İran ətrafında, xüsusilə Bəsrə körfəzi hövzəsində cərəyan edən hadisələr artıq “barıt çəlləyi” təsiri bağışlayır:
“Bir qığılcım kifayət edər ki, alov bütün Yaxın Şərqə yayılsın. Belə bir savaş baş verərsə, onun nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olduqca çətin olacaq. Təəssüf ki, hazırkı geosiyasi şərait bölgədə genişmiqyaslı müharibə ehtimalını artırır. Xüsusilə son günlər İran və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı dron və raket insidentləri vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.
Əgər BƏƏ İranla birbaşa qarşıdurmaya daxil olarsa, digər Körfəz ölkələrinin də prosesə cəlb olunması qaçılmaz görünür. Bu isə qlobal enerji bazarında ciddi böhran riski yarada bilər. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq, Körfəz regionunda başlaya biləcək mümkün savaşın nəzarətdə saxlanılması olduqca çətin olacaq.
Əslində ABŞ və İsrailin İrana qarşı sərt siyasətinin əsas məqsədlərindən biri də ərəb Körfəz ölkələrini bu qarşıdurmanın aktiv tərəfinə çevirmək idi. Hazırkı hadisələrin inkişaf dinamikası həmin ssenarinin addım-addım gerçəkləşdiyini göstərir.
Yaxın Şərqin mürəkkəb tarixi, dini və siyasi strukturu qlobal güclərin region üzərində müxtəlif planlar həyata keçirməsinə şərait yaradır. Türkiyənin uzun müddətdir bölgədə gərginliyin azaldılması istiqamətində göstərdiyi səylər hələlik nəticə verməyib. Eyni zamanda, İslamabadın vasitəçilik təşəbbüslərinin də effektiv olmadığı görünür. Regionun əsas dövlətlərindən olan Misir isə proseslərdən mümkün qədər kənarda qalmağa çalışır.
Belə bir mürəkkəb geosiyasi vəziyyətdə qarşıdurma riskinin yüksək olaraq qalması təəccüblü deyil. Son günlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Prezidentə təqdim etdiyi hesabatda İranın hərbi potensialının təxminən 70 faizini qoruyub saxladığı qeyd olunur. Bu isə göstərir ki, Vaşinqton rəsmilərinin indiyədək səsləndirdiyi bəzi açıqlamalar reallığı tam əks etdirməyə bilər”.
//Gülnarə Abasova, Editor.az