ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin dördüncü dərsi “Müasir mediada redaktə işi” mövzusunda keçirilib. Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsindəki hər görüş tələbələr üçün yeni təcrübə fürsətidir. Müasir medianın müxtəlif aktual məsələlərinə həsr olunan silsilə mühazirələr özündə Nəsir İmanquliyev ənənələrinin izlərini daşıyır.
Daha sonra çıxış edən İlqar Rəsul redaktənin əsas məqamlarına toxunub. Qeyd edib ki, hazırda mediada tanınan peşəkar jurnalist nəslinin böyük əksəriyyəti Nəsir İmanquliyevin məktəbinin yetirmələridir: “Jurnalistikada peşəkarlıq yazı ilə ölçülür. Məhz buna görə peşəkar jurnalistləri qələminə görə tanıyırlar. Əsas məsələlərdən biri peşəkarlıq yolunda yorulmadan səy göstərməkdir. Çünki yazdığımız hər bir sözü öz işimizlə müqəddəs edirik”.
Günümüzdə redaktə işində yersiz ixtisarların da olduğundan söz açan İlqar Rəsul bunun müəlliflər tərəfindən birmənalı qarşılanmadığından danışıb: “Etik prinsiplər və ədəbi dilin normalarına riayət etmək daim öndə gəlməlidir. Müstəqil olmaq mediada hər şeyi yaza bilmək mənasına gəlmir. Jurnalistika fakültəsinin məzunları etik prinsiplərə daha çox əməl edirlər”.
İlqar Rəsul informasiya bolluğu dövründə dəqiqliyin operativliyə qurban verilməsi məsələsinə də toxunub. Bunun bəzən ciddi üslub xətalarına, qrammatik, məntiqi səhvlərə, fakt materialının təhrif edilməsinə yol açdığını bildirib: “Dezinformasiya hallarına ən çox rast gəldiyimiz Vətən müharibəsi dövründə yaşananlar hər birimizin yadındadır. Onun üçün dəqiqlik peşəmizin əsas açarıdır. Jurnalist fakta xidmət etməlidir. Fakta xidmət edirsə, Vətəninə və millətinə xidmət edir”.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.







Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.