AZ

BMT nin ekspert qrupu ÜDM ə alternativ meyarlarla bağlı hesabat hazırlayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

Onilliklərdir ki, ümumi daxili məhsul (ÜDM) göstəricisi cəmiyyətin tərəqqisi meyarı kimi istifadə olunur. Bununla belə, ÜDM rəqəmləri artdıqca, ictimaiyyətə xidmət etmək vəzifəsi daşıyan siyasi və iqtisadi sistemlərə qarşı dərin narazılıq da çoxalır. Həqiqətən vacib olanı ölçmək üçün yeni bir yol tapmağın vaxtıdırmı?

AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT ekspert qrupunun ÜDM meyarlarının alternativləri ilə bağlı hesabatının təqdimatı zamanı ifadə olunub.

BMT ekspertləri qeyd ediblər: “Hətta əsaslı məlumatı və ya biznes xəbərlərinə marağı olmayan insanlar belə, yəqin ki, mediada tərəqqinin göstəricisi kimi qeyd olunan ÜDM haqqında eşidiblər. Sadə dillə desək, ÜDM ölkənin istehsal və ticarət indikatorudur, lakin iqtisadçılar illərdir ki, onun tam mənzərəni əks etdirmədiyi qənaətindədirlər. Məsələn, cəmiyyətdə bərabərsizlik ölçüləri, çirklənmə və ya resursların istismarı xərcləri nəzərə alınmır. Bu, siyasətin hazırlanması üçün səhv stimullar və məqsədlər yaradan problemə çevrilir. ÜDM artımının ardınca düşən siyasətçilər insanlar və planet üçün ən vacib olan problemləri gözardı edə bilərlər”.

Tərəqqi əldə etmək üçün daha incə meyarların olmaması uzun müddətdir ki, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bir il əvvəl BMT-nin Baş katibi Antonio Quterreş ÜDM meyarlarına alternativ variantlar hazırlayan Yüksək Səviyyəli Ekspert Qrupunu yaradıb. Birillik məsləhətləşmələrdən sonra qrup öz nəticələrini “insanların və planetin kompası” kimi təsvir edilən “Nəyin vacib olduğunu hesablamaq” adlı hesabatında açıqlayıb. Bu, ÜDM-in məhdud göstəricilərindən kənara çıxmaq üçün ilk qlobal plan, habelə siyasət və qərar qəbuletmə prosesinə rəhbərlik etmək sahəsində daha geniş tədbirlərdən istifadə etmək üçün inandırıcı arqumentlər təqdim edir.

Nobel mükafatı laureatı Simon Kuznets də bildirib ki, ÜDM millətin rifahını ölçmək üçün kifayət deyil.

Cümə axşamı hesabatın təqdimatında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş deyib: “Biz ÜDM-dən ölkələrin uzunmüddətli uğurunu qiymətləndirmək üçün istifadə edirik, lakin onun ölçülməsi ilə insanların dəyərləndirdiyi amillər arasında böyük bir fərq görürük. ÜDM beynəlxalq siyasət qaydaları üçün əsas alətə çevrilib. Lakin o, müxtəlif ölkələrin üzləşdiyi zəiflikləri, çətinlikləri və ya potensialı effektiv şəkildə ayırd etmir”.

Baş katib süni intellektdən istifadənin yayılması fonunda yaranacaq problemləri də göstərib: “Süni intellekt qlobal artımı və məhsuldarlığı kəskin şəkildə artırmaq potensialına malikdir. Lakin o, milyonlarla iş yerini ləğv edə və getdikcə daha mürəkkəb ölümcül silahların yaradılmasına və istifadəsinə imkan yarada bilər. Əlbəttə ki, bu texnologiyanın mahiyyətini yalnız ÜDM-ə təsiri ilə qiymətləndirməməliyik”.

BMT-nin qrupu hökumətlərə və beynəlxalq sistemə ÜDM-in düzgün ölçü olmadığı hallarda həddindən artıq asılılığı azaltmağa imkan verəcək praktik bir gündəm təklif edir.

Qrupun hesabatının əsas hissəsi dörd sütuna - təməl prinsiplər (sülh, insan hüquqları və planetə hörmət daxil olmaqla), mövcud rifah, bərabərlik və inklüzivlik, davamlılıq və dözümlülüyə əsaslanan göstəricilər panelidir.

Hesabatda ÜDM-dən kənar gündəliyi inkişaf etdirmək üçün praktik addımlar, məsələn, milli prioritetlərə uyğunlaşdırılmış və siyasətin hazırlanması proseslərinə daxil edilmiş milli “tərəqqi panellərinin” sürətli şəkildə qəbul olunması da yer alıb.

A. Quterreş vurğulayıb: “Gəlin, ÜDM-i tamamlayan bu yeni metrikləri qəbul edək və tarixin indiki fövqəladə anında dünyamızın üzləşdiyi çətinliklərin və imkanların tam mənzərəsini ortaya qoyaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr