AZ

“Aeroflot” aviareyslərin cədvəlində düzəlişlər edir

Moskva, 8 may, AZƏRTAC

Rusiyanın “Aeroflot” aviaşirkəti bu ölkənin cənubundakı hava limanlarının fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən uçuş cədvəlində dəyişikliklər elan edib.

AZƏRTAC xəbər verir ki, aviaşirkət bəzi uçuşların təxirə salındığını, bir neçəsinin ləğv edildiyini və bir sıra təyyarələrin alternativ aerodromlara yönləndirildiyini bildirib.

Rusiyanın digər bölgələrində olan hava limanlarından beynəlxalq reyslər davam edir, baxmayaraq ki, bəzi uçuşların müddəti uzadıla bilər.

Sərnişinlərə hava limanına getməzdən əvvəl onlayn uçuş lövhəsində və aviaşirkətin rəsmi veb-saytının “Sifarişin idarə edilməsi” bölməsində uçuş statuslarını yoxlamaq tövsiyə olunur. Uçuş ləğv edildiyi təqdirdə, aviadaşıyıcı sərnişinlərdən hava limanına gəlməməyi xahiş edir.

Aviaşirkət uçuş cədvəlindəki dəyişikliklər barədə sərnişinləri məlumatlandırmağa davam edəcəyinə söz verib.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu ölkənin cənubundakı 13 hava limanında əməliyyatlar dronla hava naviqasiya binasına zərbə endirilməsi səbəbindən dayandırılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
2
2
azertag.az

3Mənbələr