AZ

Azərbaycan Qarabağın bərpasında və köçkünlərin geri qayıdışında aparıcı nümunəyə malikdir

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sudan Respublikasında 2023-cü ilin aprel ayından bəri davam edən vətəndaş müharibəsi ölkədə ciddi böhrana səbəb olub. Çevik Dəstək Qüvvələrinin (ÇDQ) bir sıra əraziləri ələ keçirməsi, hücumları kütləvi köçkünlüyə səbəb olub, eyni zamanda ölkə humanitar aclıq fəlakəti ilə üz-üzə qalıb. BMT-nin məlumatına görə, Sudanda 19 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Onu da qeyd edək ki, son aylar ərzində Sudan Silahlı Qüvvələri üstünlüyü ələ alıb və üsyançıların işğal etdiyi bir çox ərazilərə nəzarəti bərpa edib. Münaqişənin nizamlanması üçün beynəlxalq səylər davam edir.

Hazırda Azərbaycan-Sudan münasibətlərində aktiv dinamika müşahidə olunur, rəsmi səfərlər həyata keçirilir, müxtəlif səviyyələrdə əməkdaşlıq imkanları müzakirə olunur.

Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa "525-ci qəzet"ə müsahibəsində həm ölkəsindəki mövcud vəziyyət, eləcə də Azərbaycanla münasibətlər barədə danışıb.

- Cənab səfir, Sudan üç ildən artıqdır ki, daxili münaqişə yaşayır. Bu, çoxsaylı insan  ölümlərinə, dərin humanitar böhrana səbəb olub. Hazırda ölkədə vəziyyət necədir?

- Bəli, Sudan Çevik Dəstək Qüvvələrinin xaricdən dəstəklənən üsyanı və bəzi qonşu ölkələrin sui-qəsdi nəticəsində çətin bir dövrdən keçməkdədir və ölkə ciddi problemlərlə üzləşib. Lakin silahlı qüvvələrin qətiyyəti sayəsində üsyançıları məğlub edə bildik və indi hərbi təşəbbüs silahlı qüvvələrimizin əlindədir. Artıq üsyançıların yüksək rütbəli rəhbərlərinin qaçaraq yenidən silahlı qüvvələrə qoşulduğu müşahidə olunur. Ən əsası isə odur ki, dünya artıq bu münaqişənin mahiyyətini, müharibəni uzatmaq məqsədi daşıyan bəzi xarici müdaxilələri anlamağa başlayır.

- Müharibəyə son qoymaq üçün beynəlxalq səylər də davam edir. ABŞ-ın, eləcə də "Sudan Dördlüyü"nün (ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir) sülh planı var. Sizcə, bu səylər nəticə verəcək? Ümumilikdə, münaqişənin siyasi həll yolu var?

- Sudan hər zaman dost və qardaş ölkələrin səylərini alqışlayıb və münaqişəni bitirmək üçün ciddi təşəbbüsləri dəstəkləyib. Sudan bütün beynəlxalq təşəbbüslərdə davamlı olaraq müsbət şəkildə əməkdaşlıq edib və onlarla belə təşəbbüsü qəbul edib. Lakin bunların hamısı üsyançıların barışmaz mövqeyi səbəbindən uğursuzluğa düçar olub. Həmin üsyançı qüvvə pozuculuq fəaliyyətini davam etdirib və beynəlxalq səviyyədə qadağan olunmuş cinayətlər törədib.

Sudan Baş nazirinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına sülh təşəbbüsü və böhranın həlli üçün yol xəritəsi təqdim etdiyini yəqin ki, bilirsiniz. Biz inanırıq ki, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş və qardaş ölkələr, regional təşkilatlar, BMT-nin özü tərəfindən dəstəklənən real bir təşəbbüsdür.  Sudan dost və münaqişədən narahatlıq keçirən ölkələrlə əməkdaşlığı davam etdirir ki, üsyançı qüvvələrə silah və logistika dəstəyin verilməsini dayandırmaqla təzyiq göstərsin və bu münaqişə barədə düzgün və obyektiv məlumatın təqdim olunmasına nail kömək etsin.

- Müharibə, şübhəsiz ki, ölkənin iqtisadiyyatına və infrastrukturuna ciddi ziyan vurub. Bərpa planları barədə nə deyə bilərsiniz?

- Sudandakı bu müharibə ölkənin müasir tarixində görünməmiş bir hadisədir. Üsyançı qüvvələri, o cümlədən Latın Amerikasında yerləşən Kolumbiya kimi ölkələrdən olan xarici muzdlularla birlikdə, Sudanın infrastrukturunu və iqtisadi resurslarını - xüsusilə neft emalı zavodlarını, kənd təsərrüfatı layihələrini və fabrikləri - məhv etmək üçün pul qarşılığında cəlb olunublar. Dağıntılar həmçinin ölkədə əksər universitetləri, xəstəxanaları və digər mülki obyekləri, yaşayış evlərini də hədəfə alıb. İndi bir çox ştatların azad edilməsindən və üsyançıların məğlubiyyətindən sonra ölkədə həyat normal məcrasına qayıtmağa başlayır. Hökumətin yenidənqurma planı mövcuddur, eyni zamanda vətəndaşların könüllü olaraq geri qayıtmaları üçün əlverişli mühitin və xidmətlərin yaradılması istiqamətində səylər göstərilir. Hesab edirəm ki, biz digər təcrübələrdən öyrənməli, eləcə də yenidənqurma prosesinə töhfə verə biləcək etibarlı tərəfdaşları cəlb etməliyik. Azərbaycan Qarabağ regionunda, xüsusilə "ağıllı şəhərlər"in qurulması və məcburi köçkünlərin geri qayıdışının təmin edilməsi sahəsində aparıcı nümunəyə malikdir.

- Cənab səfir, Azərbaycan-Sudan münasibətləri həmişə yaxşı səviyyədə olub. Soruşmaq istəyirəm, hazırda iki ölkə arasında münasibətlər necə inkişaf edir?

- Bu il, 2026-cı il hər iki ölkə liderlərinin müdrikliyi və rəhbərliyi sayəsində gündən-günə inkişaf edən, möhkəmlənən Sudan-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının otuz üçüncü ildönümüdür. Bu ilin əvvəlində Bakıda Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk sessiyası keçirilib. Bu ay, 2026-cı il mayın 1-də texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirildi.  Bunlar ölkələrimizin ortaq maraqlarının nə dərəcədə geniş olduğunu əks etdirir, həmçinin Sudan və Azərbaycanın beynəlxalq platformalarda bir-birinə verdiyi dəstəyi nümayiş etdirir. İki ölkə arasında davamlı koordinasiya mövcuddur, həmçinin ən yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir. Bundan əlavə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərəcək ikitərəfli müqavilələrin imzalanması ilə bağlı razılaşmalar mövcuddur.

- Hansı müqavilələrin imzalanması gözlənilir?

- Azərbaycan və Sudan arasında 6 müqavilənin imzalanması nəzərdə tutulub. Hazırda onların üzərində işlər davam edir, bu sənəd layihələri müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, investisiya, təhsil və s. əhatə edir.  

- Azərbaycan-Sudan əməkdaşlığının prioritet sahələri hansılardır?

- Müvafiq komitələr hələ də birgə əməkdaşlıq üçün çərçivələrin müəyyən edilməsi üzərində işləyir. Sudan enerji, mədənçilik, dəniz nəqliyyatı, dəmir yolları, günəş enerjisi, neft-kimya, istilik və su elektrik stansiyaları kimi iqtisadi əməkdaşlığın müxtəlif sahələrində layihələr matrisini təqdim edib.

- Sudan resurslarla və təbii sərvətlərlə zəngin bir ölkədir. Müharibəni nəzərə alsaq, Azərbaycan investorları da daxil olmaqla, xarici investorlar ölkəyə sərmayə qoymaqda maraqlı ola bilər?

- Sudan Afrikanın ən böyük ölkələrindən biridir və mühüm geostrateji mövqeyə malikdir. O, yeddi digər Afrika ölkəsi ilə həmsərhəddir və Qırmızı dəniz sahilində yerləşən böyük bir limana sahibdir. Bu liman vasitəsilə beynəlxalq ticarətin təxminən 15 faizi, dəniz yolu ilə daşınan neftin 12 faizi və mayeləşdirilmiş təbii qazın 8 faizi həyata keçirilir. Sudan, həmçinin böyük heyvandarlıq və mineral ehtiyatlara malikdir və ərəb saqqızının (gum arabic) dünya üzrə ən böyük istehsalçısıdır - qlobal istehsalın 50 fazidən 80 faizinə qədərini təmin edir. Bundan əlavə, Sudan çoxsaylı çaylara, bol yağıntıya və zəngin su ehtiyatlarına malik kənd təsərrüfatı ölkəsidir. Buna görə də biz Sudanın qapılarını bütün dost və qardaş ölkələrə, eləcə də özəl sektor şirkətlərinə açırıq ki, bu imkanlardan yararlansınlar və Sudanda investisiya qoyuluşunun təqdim etdiyi üstünlüklərdən faydalansınlar.

- Siz özünüz Sudanda sonuncu dəfə nə vaxt olmusunuz və nələri müşahidə etmisiniz?

- Mən 2025-ci ilin iyul ayında Sudandan Azərbaycana gəldim və Bakıda yaşayan Sudanın Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etdim. 2024-cü il Sudan silahlı qüvvələrinin üsyançılara qarşı əhəmiyyətli qələbələri ilə yadda qaldı və böyük bir hissəsini azad edildi. Paytaxt azad olunduqdan sonra hökumət və dövlət institutları ora geri qayıtdı. Sudan, həmçinin vətəndaşların genişmiqyaslı geri dönüşünə şahidlik edir və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, dörd milyon sudanlı öz evlərinə qayıdıb, həyat isə tədricən normallaşmağa başlayır. Hökumətdən xalqa qədər hər kəsdə təhlükəsizliyi və sabitliyi qorumaq, ölkənin ləyaqətini saxlamaq üçün səyləri ikiqat artırmaq əzmi mövcuddur.

- Yaxın günlərdə Bakı Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Sudan bu tədbirdə iştirak edəcək?

- Bəli, Sudan nümayəndə heyəti foruma qatılacaq. Ölkəmiz bu tədbirdə ən yüksək səviyyədə təmsil olunacaq.

- Cənab səfir, mən sizə müsahibəyə vaxt ayırdığınız və fikirlərinizə görə təşəkkür edirəm.

- Çox sağ olun, sonda icazə verin mən Azərbaycan rəhbərliyinə, onun müdrik Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və bütün institutlarına iki ölkə və xalqlarımız arasında bütün sahələr üzrə münasibətlərin gücləndirilməsində göstərdikləri anlayışa və dəstəyə görə minnətdarlığımı bildirim.

Pərvanə SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
525.az

1Mənbələr