ABB Maliyyə Qrupu 2025-ci ili 404 milyon manat faiz gəliri ilə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 21%-dən çox artım deməkdir. Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bankın kredit portfeli əvvəlki illə müqayisədə 10% artaraq 2 milyard manatı ötüb. Aktiv müştərilərin sayı isə son bir ildə 15% artıb.
İbrahimov qeyd edib ki, 2025-ci ilin yanvar-aprel aylarında da bankın maliyyə göstəriciləri müsbət olub. İlk dörd ayın yekunlarına görə, ABB 140 milyon manat faiz gəliri əldə edib.
O bildirib ki, ABB 2026-2028-ci illəri əhatə edən yeni inkişaf strategiyası hazırlayıb. Strategiyanın əsas istiqamətləri bazar payının artırılması, yeni coğrafiyalara genişlənmə, müştəri mərkəzli innovasiyalar və süni intellekt texnologiyalarının tətbiqidir.
ABB rəhbərinin sözlərinə görə, hazırda bankda müştəri təcrübəsi, əməliyyat prosesləri və risklərin idarə olunması sahələrində 180-dən çox süni intellekt modeli tətbiq edilir.
İbrahimov həmçinin bildirib ki, səhmdarlar Azərbaycanın özəl banklarından birinin nəzarət səhm paketinin əldə olunması məsələsinə müsbət yanaşıblar. Onun sözlərinə görə, icazə və rəsmiləşdirmə prosedurları tamamlanarsa, ABB bu ilin üçüncü rübündən etibarən həmin bankı bazarda “ABB Davran” adı ilə təqdim edə bilər.
N.Təbrizli