AZ

Tramp Avropa İttifaqına ABŞ-la ticarət razılaşmasının şərtlərini yerinə yetirmək üçün vaxt verdi

ABŞ Prezidenti Donald Trump Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə keçirdiyi görüşdən sonra Avropa İttifaqına ABŞ-la əldə olunan ticarət razılaşmasının öz öhdəliyinə düşən hissəsini yerinə yetirmək üçün iyulun 4-dək vaxt verildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə çox məhsuldar görüş keçirdim. Ölkəmizin 250 illiyi münasibətilə qeyd olunacaq 4 iyul tarixinədək ona vaxt verməyə razılaşdım”, – deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Avropa İttifaqı Amerika mallarına tətbiq etdiyi gömrük rüsumlarını sıfıra endirməyəcəyi təqdirdə, ABŞ da Avropa məhsullarına tətbiq olunan idxal rüsumlarını artıracaq.

Xatırladaq ki, mayın 1-də Tramp ötən ilin avqustunda əldə edilmiş ticarət razılaşmasının Avropa İttifaqı tərəfindən tam icra olunmamasından narazılığını ifadə etmişdi. ABŞ prezidenti Avropadan idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumlarını 25 faizə qədər artırmaqla hədələmişdi.

Buna cavab olaraq Ursula fon der Lyayen ABŞ-ın da sözügedən razılaşma çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri hələ tam yerinə yetirmədiyini vurğulamışdı.

// Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr