AZ

Azərbaycan İtaliya: Güclü və etimada əsaslanan münasibətlər

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycanla İtaliya arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Bu, həm siyasi, eyni zamanda iqtisadi əlaqələrdə özünü göstərib. Avropanın böyük dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşı olan İtaliya hər zaman ölkəmizə qarşı ədalətli yanaşma nümayiş etdirib. İtaliyanın Azərbaycan üçün əhəmiyyəti də onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu bəyannamə sadəcə iqtisadi əməkdaşlığı deyil, həm də siyasi, təhlükəsizlik və humanitar sahələri əhatə edən genişmiqyaslı fəaliyyət proqramına çevrilib. Bu möhkəm təməl üzərində qurulan davamlı dialoq zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə əsaslanan strateji etimad körpüsü yaradıb.

Baş nazir Ciorcia Meloninin Azərbaycana səfərinin həm siyasi, həm də rəmzi əhəmiyyəti vardır. Belə ki, xanım Baş nazir Ermənistanda Avropa Siyasi Birliyinin tədbirində iştirakdan sonra Azərbaycana səfər etdi və Azərbaycanla İtaliyanın dostluğunu və strateji tərəfdaşlığını bir daha təsdiqlədi.

Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış zamanı bu məqama toxunaraq deyib: "Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür".

Dövlər başçısı bildirib ki, siyasi əlaqələrimiz ən yüksək səviyyədədir, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, İtaliya ölkəmizin bir nömrəli ticarət tərəfdaşıdır.

Məlumat üçün bildirək ki, ötən il ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Əlaqələrin əsas istiqamətlərindən biri də energetika sahəsidir. Azərbaycan İtaliyanın neft və qaz təchizatında da ikinci yerdədir. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub. Bakıda aparılan müzakirlərdə həcmin artırılması diqqətdə olub.

2025-ci ildə Azərbaycan İtaliyaya 10 milyard kubmetr qaz ixrac edib. Ümumulikdə CQD vasitəsilə Azərbaycan İtaliyaya 50 milyard kubmetrə yaxın qaz ixrac edib. Azərbaycanda həyata keçirilən layihələrdə İtaliya şirkətləri üstünlük təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib. Mingəçevirdə də İtaliya şirkətləri bir sıra layihələr, o  cümlədən "8 Noyabr" Elektrik Stansiyasının inşasını həyata keçirib. Zəfər muzeylərinin layihələrinin hazırlanmasında İtaliya şirkətləri yaxından iştirak ediblər.

Hərbi-texniki sahədə iki ölkə arasında ciddi əməkdaşlıq var. Bu günlərdə Azərbaycan müdafiə naziri İtaliyada səfərdə oldu. Baş nazir Meloni Bakıda müdafiə və təhlükəsizlik sahəsini həlledici sahə adlandırıb: "Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun".

Ümümilikdə ölkə rəhbərləri arasında dialoq bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərir.

Milli Məsclisin deputatı Arzuxan Əlizadə "525"ə bildirib ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır: "İlk növbədə qeyd emək lazımdır ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, ardınca iki ölkə arasında diplomatik münasibətlər qurulub, qarşılıqlı olaraq səfirliklər açılıb. Bu, İtaliya tərəfindən Baş naziri səviyyəsində Azərbaycana 13 ildən sonra həyata keçirilən səfərdir. Ona görə də səfər münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevlə görüşdə Azərbaycan-İtaliya münasibətlərinin bir sıra məqamları müzakirə olundu. Məlumdur ki, Azərbaycan artıq uzun müddətdir İtaliyaya qaz nəql edir. Ölkəmiz İtaliyaya qaz və neft məhsulları ixracatında ikinci yerdə dayanır. Bu təchizatın artırılması istiqamətində danışıqlar aparılıb. Azərbaycan təbii ki, Avropanın bir çox ölkələri ilə yanaşı, İtaliyanın da enerji təhlükəsizliyinin bir parçasına çevrilməkdədir. Azərbaycan-İtaliya iqtisadi münasibətləri sürətlə inkişaf edir. Prezident İlham Əliyev görüşdə qeyd elədi ki, Azərbaycanda İtaliyanın 130-dan artıq şirkəti fəaliyyət göstərir, müxtəlif sahələrdə investisiya qoyulub, həmçinin Azərbaycandan İtaliya iqtisadiyyatına investisiya qoyulub".

Deputat deyib ki, iki ölkənin təhsil əlaqələrində də mühüm irəliləyişlər var. Ötən il Azərbaycan-İtaliya Universiteti açılıb və qeyd olundu ki, artıq bu universitetdə 500-dən çox tələbə təhsil almaqdadır: "Dövlət başçısı çox doğru olaraq onu da qeyd etdi ki, İtaliya-Azərbaycan Universitetində təhsil alan gənclərimiz gələcəkdə Azərbaycan-İtaliya münasibətlərinin bir qədər də inkişaf etməsində, yaxınlaşmasında əhəmiyyətli rol oynayacaqlar. Eyni zamanda Bakıda Azərbaycan-İtaliya biznes forumun keçirilməsi qərara alındı. Müxtəlif sahələr üzrə Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı razılaşmalar əldə olundu".

A.Əlizadə əlavə edib ki, İtaliyanın Azərbaycana yönəlik münasibəti hər zaman yaxşı olub, son illər ərzində səfərlər həyata keçirilməsə də, müxtəlif beynəlxalq formatlarda İtaliya siyasətçiləri Azərbaycana yönəlik çox müsbət mövqe sərgiləyiblər və Azərbaycandan İtaliyaya siyasətinə yönəlik müsbət çağırışlar olub:

"Bütün bunların fonunda iki ölkə liderinin görüşü təbii ki, gələcək münasibətlərin bir qədər də inkişafında əhəmiyyətli rol oynayır və Azərbaycan-İtaliya münasibətlərinin artıq ən yüksək səviyyədə olduğunu demək mümkündür. Əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsi üçün liderlər arasında səmimi münasibət və anlaşma mövcuddur".

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin dərinləşməsində İtaliyanın roluna toxunan deputat deyib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri normal müstəvidədir. Amma təəssüflər olsun ki, bir sıra Avropa institutları, Avropa Parlamenti, Avropa Şurası Parlament Asambleyası fərqli mövqe sərgiləməkdədirlər:

"Avropa İttifaqının 27 ölkəsindən 10 ilə Azərbaycan strateji müttəfiqlik haqqında sənədlərə malikdir. Bu münasibətlər inkişaf etməkdədir. Bilirsiniz ki, Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı keçirilirdi, xanım Meloni də həmin tədbirdə iştirak edirdi və o, Ermənistandan Bakıya səfərə gəldi. Cənab Prezident İlham Əliyev səfərin çox böyük rəmzi məna daşıdığını söylədi. Düşünürəm ki, Azərbaycan-Avropa münasibətlərinin normal səviyyədə olduğunu demək mümkündür. Azərbaycan Prezidenti videoformatda İrəvandakı Zirvəyə qatıldı, iştirakçıları salamlayaraq müxtəlif məsələlərlə bağlı fikirlər bildirdi. Avropa institutlarının qərəzli mövqeyi ilə bağlı da ciddi mesajlar vermiş oldu. Bütövlükdə götürəndə, Azərbaycan necə ki, İtaliyanın, eləcə də Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana enerji ölkəsi kimi maraq artmaqdadır. Ölkəmizin alternativ enerji əldə edilməsində də ciddi addımları var və Avropa ölkələri bu istiqamətə də böyük maraq göstərirlər. Avropa ölkələri ilə münasibətlərdə artan dinamika var. Sadəcə olaraq bəzi Avropa institutları qərəzli yanaşmalardan çəkinəcəklərsə, sonrakı dönəmdə Azərbaycan Avropa münasibətlərində çox müsbət tendensiyanı müşahidə edəcəyik".

Politoloq Şəbnəm Həsənova "525"ə deyib ki, İtaliya-Azərbaycan əlaqələri etimada söykənir. İki ölkənin stabil mövqeyi müşahidə olunur. Şübhəsiz ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi əhəmiyyət kəsb edir. Bu səfər bir növ daimi siyasi koordinasiya deməkdir. Onun sözlərinə görə, Meloninin İtaliyanın Baş nazirləri statusunda Azərbaycana reallaşdırılmayan on üç illik boşluğu doldurması iki ölkə arasındakı dostluq münasibətlərindən xəbər verir:  "Həm də Ermənistanda keçirilən tədbirdən dərhal sonra Bakıya gəlmək düşünürəm ki, nümayiş etdirilən mövqedir. Ölkələr arasındakı münasibətlər təkcə kəmiyyət yox, həm də keyfiyyət baxımından inkişaf edir. Meloninin səfəri koordinasiyalı siyasətdən xəbər verirsə, həm də iki ölkə arasındakı münasibətlərin sabitlik dərəcəsini göstərir".

Politoloq əlavə edib ki, Azərbaycanın İtaliya bazarına 9.5 milyard kubmetr qaz ixracatı hər iki ölkə arasındakı etimadın yüksək olduğunun göstəricisidir. O bildirib ki, iki ölkə hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirirlər:

"Yaxın zamanlarda Bakıda keçiriləcək biznes forum iqtisadi tərəqqiyə kömək edəcək. Meloninin Ermənistanda keçirilən tədbirə, sıx qrafikə rəğmən, Azərbaycana səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin ən yüksək səviyyəsindən xəbər verir. Səfərin zamanlaması, keçirilən görüşlərdə səmimiyyətin özü bütün suallara cavabdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
525.az

2Mənbələr