Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda Almaniyanın “Frayburq” klubu doğma meydanda Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, görüş 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Matçın 7-ci dəqiqəsində “Braqa” azlıqda qalıb. Mario Dorjeles qırmızı vərəqə ilə meydandan qovulub.
“Frayburq” say üstünlüyündən 19-cu dəqiqədə yararlanıb. Lukas Kübler rəqib qapısını dəqiq zərbə ilə açıb.
Almaniya təmsilçisi fasiləyə qədər üstünlüyünü artırıb. Yohann Manzambi hesabı 2:0 edib.
72-ci dəqiqədə Lukas Kübler ikinci dəfə fərqlənərək dublunu rəsmiləşdirib.
79-cu dəqiqədə “Braqa” hesab arasındakı fərqi azaldıb. Pau Viktor fərqlənib.
İlk oyunda “Braqa” 2:1 hesabı ilə qalib gəlmişdi. Lakin iki görüşün ümumi nəticəsinə görə “Frayburq” 4:3 üstün olub və Avropa Liqasının finalına yüksəlib.