AZ

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...



Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunub. Ekspertlərə görə, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidi.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda tikinti-bərpa, yenidənqurma işləri həyata keçirilir və artıq onlarla binalar inşa olunub, evlər tikilib keçmiş məcburi köçkünlərə təqdim olunub. Azad kəndlərə, şəhərlərə, qəsəbələrə “Böyük Qayıdış” prosesi davam edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı müasir şəhərsalma mədəniyyətinə, dayanıqlı inkişafa və infrastrukturun yenidən qurulmasına misilsiz töhfələr verir. Bu proses sadəcə bərpa deyil, həm də ən yüksək beynəlxalq standartlara cavab verən yeni bir yaşayış modelinin yaradılmasıdır. "Böyük Qayıdış"ın Şəhərsalma Mədəniyyətinə Ağdam, Füzuli, Cəbrayıl və digər rayonlarda "ağıllı şəhər", "ağıllı kənd" layihələri tətbiq olunur ki, bu da rəqəmsal texnologiyalar və ekoloji təmiz yanaşmalarla idarə olunan müasir yaşayış mühiti formalaşdırır. 10 min kvadratkilometrdən çox ərazidə sıfırdan yol şəbəkələri, tunellər, hava limanları (Füzuli, Zəngilan, Laçın) tikilir, sosial infrastruktur (məktəblər, xəstəxanalar) qurulur. Azad olunmuş ərazilər "yaşıl enerji" zonası elan edilib, bərpa olunan enerji mənbələrindən istifadə üstünlük təşkil edir.

Azad edilmiş ərazilərdə şəhərlərin yenidən qurulması Azərbaycanın ən müasir şəhərsalma modelinə əsaslanır və bu proses xüsusi strateji yanaşma ilə həyata keçirilir. 2026-cı il üçün mövcud olan məlumata görə, 100-dən çox yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üçün Baş planlar hazırlanıb və quruculuq işlərinə başlanılıb. Azad ərazilərdə tətbiq olunan şəhərsalma standartları və prinsipləri aşağıdakılardır:

"Ağıllı Şəhər" (Smart City) və "Ağıllı Kənd" Konsepsiyası: İnfrastrukturun rəqəmsallaşdırılması, idarəetmənin müasir texnologiyalarla təmin edilməsi.

"Yaşıl Enerji" və Ekoloji Tarazlıq: Bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji təmiz nəqliyyat və enerji səmərəliliyi.

Müasir Baş Planlar: Şəhərlər sıfırdan, gələcək onillikləri nəzərə alan strateji planlar əsasında qurulur. Dayanıqlı İnfrastruktur: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında regional memarlıq və şəhərsalma standartlarına uyğunlaşdırılmış işlər.

Xüsusi İdarəetmə: İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma fəaliyyəti xüsusi fərmanlarla tənzimlənir.Əsas məqsəd bu bölgələrdə insanların rahat, təhlükəsiz və ekoloji cəhətdən təmiz mühitdə yaşaması üçün müasir infrastruktur yaratmaqdır. Yeni salınan yaşayış məntəqələri estetik görünüşü, rahatlığı və keyfiyyəti ilə dünyada nümunə kimi göstərilir. Bu siyasət həm insanların doğma yurdlarına qayıdışını təmin edir, həm də bölgənin iqtisadi potensialını (kənd təsərrüfatı, turizm) gücləndirir.Bu bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma sahəsində ən yeni, ekoloji və texnoloji innovasiyaları tətbiq etməsinə şərait yaradır.

Millət vəkili Pərvanə Vəliyeva mətbuata bildirib ki, Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" zonası kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır: "İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir. Ölkəmiz növbəti il BMT-nin daha bir mötəbər tədbiri olan "Dünya Şəhərsalma Forumu"nun 13-cü sessiyasına evsahibliyi edəcək. Beynəlxalq tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir".

Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, “Böyük Qayıdış” prosesində şəhərsalma postmüharibə dövrünə xidmət edən bir qayıdış prosesidir, bu dönəmə təsadüf edir. İ.Hüseynli qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında baş verən 30 illik münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində bütün kənd və qəsəbələri tamamilə yer üzündən silinmişdi. “Baş verən qayıdış şəhərsalma prosesində yalnız boş ərazilərdə şəhərsalma deyil, eyni zamanda xarabalıqlar üzərindən yeni şəhərlərin salınması kimi dəyərləndirilməlidir. İstər Ağdam, istər Füzuli, istərsə də digər ərazilərimiz olsun, hələ şəhərsalma prosesinə start verməmişdən öncə əvvəlki dağıntıların, binaların xarabalıqlarının utilizasiyası, oraların təmizlənərək tam təhlükəsiz bir əraziyə çevrilməsi bir prioritet məsələ kimi qoyulur. Bu həm də xeyli ağır bir prosesdir. Eyni zamanda müasir şəhərsalma prosesində şəhərin əvvəlki simasını qoruyub saxlamaqla yanaşı tarixi abidələrin də bərpası, qorunması da bu amala xidmət edir. Qarabağa qayıdış fonunda şəhərsalma məsələləri bütün bunlarla əlaqələlidir. Bizim azad ərazilər dünyada ən çox minalanmış ərazi kimi qiymətləndirilir. Həm burada müasir texnologiyaların tətbiqi, həm minalardan təmizləmə məsələləri, ekoloji faktorlar və digər amillər nəzərə alınmalıdır. Ağdam və Füzuli şəhəri artıq müasir binalarla bəzədilir, çağdaş şəhərsalma mədəniyyətinin örnəkləri kimi diqqəti çəkir. Kənd yerlərində bu işlər standartlaşdırılmış layihələr üzərində həyata keçirilir...”

Azərbaycanın WUF-13-ə ev sahibliyi etdiyini vurğulayan İ.Hüseynlinin sözlərinə görə, burada çalışmaq lazımdır ki, həm də dünya şəhərsalma proseslərinin yeni trendlərinin, texnoloji üstünlüklərinin tətbiqinə də nail olunsun. İ.Hüseynli hesab edir ki, Qarabağa qayıdış və qayıdış zamanı şəhərlərin, küçə və prospektlərin infrastrukturun yenidən qurulması, bütün bunlar hamısı müasir standartlara cavab verməlidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

Seçilən
25
baki-xeber.com

1Mənbələr