
İran Hörmüz boğazından keçən gəmiçilik şirkətlərini yeni protokola əməl etməyə məcbur edir, əks halda onları hücum təhlükəsi gözləyir.
AFN.az CNN-ə istinadən xəbər verir ki, Tehran strateji su yolundan keçən gəmilər üçün yeni qaydalar təqdim edib. İranın bu yaxınlarda yaratdığı Fars Körfəzi və Hörmüz Boğazı İdarəsi (PGSA) tərəfindən hazırlanmış “Gəmi haqqında məlumat bəyannaməsi” adlı sənədə əsasən, boğazdan keçən bütün gəmilər 40-dan çox sualı əhatə edən müraciət formasını doldurmalıdır.
Gəmilərdən identifikasiya nömrəsi, operatorların və heyətin milliyyəti, habelə yük barədə ətraflı məlumat tələb olunur. Bu məlumatlar gəmi boğaza daxil olmazdan əvvəl elektron poçt vasitəsilə göndərilməlidir. SEPAH-ın hərbi dəniz qüvvələri icazəsiz keçən istənilən gəmiyə hücum edəcəyi ilə hədələyir.
Dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi bu su yoluna nəzarət İrana dünya iqtisadiyyatına ciddi təsir imkanı verir. Boğazın qapadılması artıq neft şokuna səbəb olub və ABŞ-da benzinin qiyməti son dörd ildə ilk dəfə 4,50 dolları ötüb.
İranın ali lideri Müctəba Xameneyinin mesajında “güclü İran strategiyası altında yeni regional və dünya nizamı” çağırışı edilib. Bəyanatda vurğulanıb ki, düşmənçilik niyyəti ilə gələn əcnəbilərin bu sularda yeri yoxdur.