AZ

Putinin paradda çıxışı ilə bağlı təhlükəsizlik problemi üzə çıxıb

Rusiya prezidentinin təhlükəsizlik xidməti 9 may paradında Putinin canlı çıxışına qarşı çıxıb...

Poliqon xəbər verir ki, “Dosye. Sekretnıy kontur” Teleqram kanalı Rusiya Prezidenti Vladimir Putin ilə Federal Mühafizə Xidməti arasında 9 May paradında çıxış formatı ilə bağlı ciddi fikir ayrılığının yarandığını iddia edib.

Məlumata görə, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev prezidentin Qırmızı meydandakı paradda canlı çıxış etməsinə qəti şəkildə qarşı çıxıb. Təhlükəsizlik strukturları hesab edir ki, mövcud şəraitdə əvvəlcədən yazılmış videomüraciətin ekranlar vasitəsilə yayımlanması daha təhlükəsiz variantdır. Mühafizə xidmətinin mövqeyinə əsasən, “televiziya formatı”nın cəmiyyətdə yaradacağı mümkün narazılıq, Putinə qarşı real sui-qəsd təhlükəsi ilə müqayisədə qəbul edilə bilən risk sayılır.

Lakin iddialara əsasən, Putin prinsipial mövqe nümayiş etdirərək çıxışın yalnız canlı formada keçirilməsini tələb edib. Kreml rəhbərinin bunu vəziyyətin nəzarət altında olduğunu göstərmək və şəxsi təhlükəsizliyi ilə bağlı yayılan şayiələri təkzib etmək vasitəsi kimi gördüyü bildirilir. Mənbələrin sözlərinə görə, Putinin “qorxmadığını nümayiş etdirmək” istəyi hələ də əsas arqument olaraq qalır və hazırlıq prosesi prezidentin şəxsən tribunada iştirakı ssenarisi üzrə davam etdirilir.

Bununla yanaşı, tədbir zamanı görünməmiş təhlükəsizlik tədbirlərinin planlaşdırıldığı qeyd olunur. İddiaya görə, rabitənin tam məhdudlaşdırılması və hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə yanaşı, tribunanın arxasında xüsusi zirehli qoruyucu kapsul yerləşdirilməsi nəzərdə tutulur. Həmin yüksək möhkəmliyə malik konstruksiyanın pilotsuz uçuş aparatları ilə mümkün hücum zamanı prezidenti dərhal qorumaq üçün istifadə ediləcəyi vurğulanır.

Məqalədə həmçinin təhlükəsizliklə bağlı keçirilən qapalı müşavirələrdə daha qeyri-adi variantların da müzakirə edildiyi iddia olunub. Bunlar arasında xüsusi təlim keçmiş quşlardan ibarət “kinetik sipər” yaradılması və lokal maqnit qübbəsinin qurulması kimi ideyaların olduğu bildirilir. Lakin sonradan həmin variantlardan imtina edildiyi qeyd edilir. Belə ki, səs-küylü parad şəraitində şahinlərin idarəolunmaz davranış sərgiləməsi ehtimalı riskli hesab olunub. Güclü elektromaqnit şüalanmasının isə təkcə pilotsuz aparatların elektronikasını deyil, tribunadakı veteranların və fəxri qonaqların ürək stimulyatorlarını da sıradan çıxara biləcəyi vurğulanıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr