
Gələn həftə Vaşinqtonda Livan və İsrail arasında birbaşa danışıqların üçüncü raundu baş tutacaq.
AFN.az “Al Arabiya”ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi danışıqların gələn həftənin cümə axşamı və cümə günləri keçiriləcəyini bildirib. Bu açıqlama İsrailin Beyruta endirdiyi və “Hizbullah” komandirinin ölümü ilə nəticələnən zərbədən bir gün sonraya təsadüf edir.
Məlumata görə, Donald Trampın məsələyə xüsusi marağı səbəbindən görüşlər Dövlət Departamentindən Ağ Evə köçürülüb. Prosesə rəhbərlik vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və general Keynə tapşırılıb.
Tramp həmçinin Livan Prezidenti Cozef Aun və İsrail Baş naziri Benyamin Netanyahunun yaxın vaxtlarda Ağ Evdə görüşə biləcəyi ehtimalını irəli sürüb. Lakin Beyrut tərəfi bəyan edib ki, atəşkəs razılaşması əldə olunmadan və İsrail qoşunları Livan ərazisindən tam çıxarılmadan belə bir görüş mümkün deyil.
Dövlət Departamenti isə “Hizbullah”ı danışıqlarda əldə olunan irəliləyişi pozmağa çalışmaqda ittiham edib. ABŞ tərəfi hazırkı atəşkəsin Livana öz qanuni tələblərini irəli sürmək üçün şərait yaratdığını vurğulayıb.