AZ

İlahiyyatçıdan kişi ginekoloqlarla bağlı ŞOK açıqlama: “Zərurət varsa icazəlidir”

Bir neçə gündür ictimaiyyət arasında kişilərin doğuş prosesində iştirakı mövzusu gündəm olub. Həyat yoldaşı olsa belə, kişilərin doğuş prosesində iştirakını bəziləri tənqid edir.

Yada salaq ki, həkim-fizioterapevt, professor Rəşid Mahmudovun kişilərin doğuş prosesində iştirakına qarşı çıxması və bunu “kişilik” anlayışı ilə əlaqələndirməsi müzakirələrə səbəb olub. Ginekoloq Rəşad Sultan isə Musavat.com-a açılamasında onun fikirləri ilə razılaşmadığını deyib, ona qarşı çıxıb. O məsələyə fərqli yanaşaraq doğuşun təkcə tibbi yox, həm də psixoloji proses olduğunu, ÜST-nin tövsiyələrinə əsasən həyat yoldaşının iştirakının qadına mənəvi dəstək verdiyini bildirib və bu məsələdə elmi yanaşmanın əsas götürülməsinin vacibliyini vurğulayıb.

Bu polemika fonunda kişi ginekoloqlar da sərt tənqid edilib. Xüsusilə də, inanclılar bunun dinimizə ziddi olduğunu, o şəxslərin günah iş tutduqlarını dilə gətirirlər.

Məsələ ilə bağlı ilahiyyatçı-alim Samid Quliyev Musavat.com-a fikrini bildirib: “İslamda əsas prinsip zərurət olmadan naməhrəmə baxış və təmas icazəli deyil. Amma tibbi ehtiyac və insan sağlamlığı məsələsində hökm fərqli olur. Buna görə də kişilərin mama-ginekoloq olması dinimizdə mütləq haram sayılmır, lakin müəyyən şərtlərlə qəbul edilir.

Əsas yanaşma belədir: Əgər qadın həkim mövcuddursa və eyni xidməti göstərə bilirsə, ilk seçim qadın mama-ginekoloq olmalıdır.

Amma qadın həkim yoxdursa, təcili vəziyyətdirsə, xüsusi ixtisas tələb olunursa və ya xəstənin sağlamlığı risk altındadırsa, kişi həkimin müayinə və müalicəsi icazəli olur”.

İlahiyyatçı onu da əlavə edib ki, burada məqsəd şəhvət yox, müalicə və insan sağlamlığıdır: “Bu məsələdə fiqhdə “zərurət” və “ehtiyac” prinsipi işləyir. Necə ki kişi cərrah qadın xəstəni əməliyyat edə bilir, eyni qayda burada da tətbiq olunur.

Bir çox müsəlman ölkələrində və dini alimlərin fətvalarında da qadın həkim üstün tutulur, amma ehtiyac zamanı kişi ginekoloqun xəstəyə baxması icazəli sayılır”.

Afaq Mirayiq,
Musavat.com

 

Seçilən
15
musavat.com

1Mənbələr