AZ

Zirvələrə yüksələn missiya:tarixə baxış

Tarix yalnız keçmişin xronologiyası deyil, həm də xalqın taleyini formalaşdıran tarixi şəxsiyyətlərin, bu şəxsiyyətlərin verdiyi taleyüklü qərarların və ideyaların bütöv mənzərəsidir. Tarixi dəyərləndirərkən əsas məsələ hadisələrin ardıcıllığını sadalamaq yox, onların mahiyyətini, səbəb-nəticə əlaqələrini və gələcək üçün verdiyi mesajları düzgün anlamaqdır. Bu mənada tarix həm obyektiv reallıq, həm də ədalətli şərh tələb edən bir elmdir. Aristotel tarix elmini müəyyən mənada subyektiv hesab etsə də, artıq baş vermiş hadisələrin vicdanla qələmə alınması onu obyektiv həqiqətə çevirir.

Azərbaycan xalqının taleyində misilsiz rol oynamış Heydər Əliyev isə tarixə sadəcə müşahidəçi kimi yanaşan liderlərdən deyildi. O, tarixi dərindən mənimsəyən, ondan nəticə çıxaran və bu nəticələri gələcəyin quruculuğuna yönəldən nadir şəxsiyyətlərdən idi. Onun siyasi fəaliyyəti sübut etdi ki, tarix yalnız öyrənilməli deyil, həm də yaradılmalıdır. Konfutsinin “keçmişi davam etdirməklə gələcəyə çatmaq olar” fikri məhz Heydər Əliyevin həyat və fəaliyyətində real məzmun qazandı.

1969-cu il iyulun 14-də onun Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkədə yeni inkişaf mərhələsi başlandı. Qısa müddət ərzində sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində köklü dəyişikliklər həyata keçirildi. Azərbaycan İttifaq respublikaları arasında geridə qalan mövqedən qabaqcıl yerlərə yüksəldi. Yeni sənaye müəssisələri yaradıldı, infrastruktur genişləndirildi, Bakı və digər şəhərlərdə abadlıq və quruculuq işləri sürətləndirildi. Bəli, Heydər Əliyevin ictimai-siyasi arenada yüksək vəzifədə fəaliyyətə başlaması ilə milli həyatımızda və təfəkkürümüzdə yeni eranın təməli qoyuldu. Başqa sözlə, bunu xilaskarlıq missiyasının başlanğıcı hesab edə bilərik.

Bu dövrdə həyata keçirilən siyasətin ən mühüm cəhətlərindən biri milli ruhun dirçəldilməsi idi. Ana dilinə diqqətin artırılması, milli mədəniyyətin inkişafına verilən dəstək, tarix və ədəbiyyat sahəsində aparılan tədqiqatların genişləndirilməsi xalqın özünə inamını bərpa etdi. Heydər Əliyev yaxşı bilirdi ki, milli kimliyin qorunması üçün dil, tarix və mədəniyyət əsas sütunlardır.

Azərbaycan dilinə dair tədqiqatların aparılmasını təşviq edən Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq bu sahənin görkəmli alimlərinə dövlət mükafatlarının verilməsinə nail oldu. Heydər Əliyev Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Uzaq Sibirdən böyük mütəfəkkir, türkçü, turançı Hüseyn Cavidin məzarının Naxçıvana köçürülməsi təkcə tarixi ədəbi irsə göstərilən qayğı deyil, şair və yazıçıların toxunulmazlıqlarına bir işarə idi.

Eyni zamanda, Heydər Əliyev milli ziyalı təbəqəsinin qorunmasına və inkişafına böyük diqqət yetirirdi. Ədəbiyyat və incəsənət xadimlərinin fəaliyyətinə yaradılan şərait, onların əsərlərində milli ideyaların əks olunmasına imkan verilməsi cəmiyyətdə istiqlal düşüncəsinin formalaşmasına təkan verdi. Bu, açıq şəkildə deyil, lakin uzaqgörən siyasətin tərkib hissəsi kimi həyata keçirilirdi.

Azərbaycan tarixini obyektiv şəkildə yazmağı tarixçilərə tövsiyə edən Heydər Əliyev onlara dövlət mükafatı təqdim edərək xalqın özünü tanımasında əsas faktor olan tariximizə böyük önəm verdiyini gözlər önünə sərirdi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonrakı illərdə etdiyi çıxışlarının birində Heydər Əliyev deyirdi: "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

Bəli, Ulu Öndərin bu fikrini sovet imperiyasının mərkəzində də bilirdilər. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, yalnız onun formal elan edilməsi qalıb. Lakin sovet rejiminin liderləri Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqdan çəkinir, bunun milli məsələdə ağır nəticələrə gətirə biləcəyini düşünürdülər. Belə vəziyyətdən çıxmaq üçün onlar Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq deyil, yeni vəzifəyə gətirilərək Moskvada daha çox nəzarət altında saxlamaq qərarına gəldilər. Bununla belə, Kommunist ideologiyasının və sovet sisteminin mövcudluğuna baxmayaraq, Heydər Əliyevin 1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycan xalqı üçün böyük və qürurverici hadisə idi.

Mixail Qorbaçov SSRİ rəhbəri seçilən zaman yaxşı bilirdi ki,  türk, müsəlman respublikaları xeyli irəli gediblər və dövlət müstəqilliklərini elan etməyə hazırdırlar. Buna görə də sovet rəhbərliyində olan türk dövlət xadimlərinə etibar etmir, bir-birinin ardınca vəzifələrindən uzalqlaşdırırdı. Heydər Əliyev kimi siyasət qrossmeysteri bunu çox gözəl başa düşürdü. 1987-ci ildə istefa verən Heydər Əliyev sovet idarəçiliyi sistemindən uzaqlaşdı.

Bundan sonra Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmağa, Sovetlər Birliyi dağıldıqdan sonra isə rus hərbi hissələrinin silah-sursatından, hərbi kontingentindən istifadə edərək açıq hərbi müdaxiləyə başladı. Qərbi Azərbaycanda əsrlər boyu yaşayan azərbaycanlılar bütün mal və mülkləri talan edilərək qaçqına çevrildilər. Xalqın tarix və mədəniyyət abidələri, qəbiristanlıqları dağıdıldı. Azərbaycanın həmin dövrdəki bacarıqsız rəhbərləri bunun qarşısını ala bilmədi. Respublikamız böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişsə də, vəziyyət düzəlmədi.

Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutan M.Qorbaçovun göstərişi ilə sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın törətdi.

Bu faciəvi hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı və sovet rejiminin mahiyyətini açıq şəkildə nümayiş etdirdi. Belə bir ağır şəraitdə Moskvada təhlükəsizliyinin təmin edilməməsinə və ağır şərtlər altında yaşamasına baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən dərhal sonra Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanat verib 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır günlərdə xalqının yanında oldu. Heydər Əliyevin açıq, birmənalı və konkret mövqeyini ortaya qoyması gələcək siyasi və müstəqil milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, xilaskarlıq missiyasının isə növbəti mərhələsi oldu. 20 Yanvardan sonra Azərbaycan xalqı İttifaq dövləti ilə yolunun bir olmadığı qənaətinə gəldi.

Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Öz ağalarına itaətkarlığı ilə seçilən respublika rəhbərləri onun Bakıda yaşamasına təminat vermədiklərindən Heydər Əliyev doğulduğu Naxçıvana getdi. Muxtar respublika əhalisi onu hərarətlə qarşıladı. Bir müddət sonra Naxçıvan MSSR Ali Məclisinin deputatı və sədri seçildi. Onun təklifi ilə sovet dövrünün atributlarından imtina edildi. Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözləri çıxarıldı. Ali Sovet Ali Məclis adlandırıldı. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu, sadəcə, bayraq dəyişdirilməsi məsələsi deyildi. Belə bir addımla Heydər Əliyev əslində müstəqil dövlətin təməlini atırdı. O, Azərbaycan rəhbərliyinə Cümhuriyyətin atributlarını qəbul etməyi təklif etdi.

SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə ciddi sınaqlarla üz-üzə qaldı. Daxili siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və separatçılıq meyilləri dövlətçiliyi təhlükə altına saldı. Həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu problemlərin öhdəsindən gəlmək iqtidarında deyildilər.

Ermənistanın işğalının davam etdiyi bir şəraitdə digər tərəfdən də şimalda və cənubda xaricdən dəstəklənən separatçılıq güclənmiş, Gəncədəki hərbi hissədə baş verən qiyamı yatıra bilməyən hakimiyyət proseslər üzərində nəzarəti tamamilə itirmişdi. Ölkə parçalanmaq, dövlət müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçilik bacarığına, zəruri intellektual səviyyəyə malik olmayan hakimiyyət ölkəni beynəlxalq aləmdə təcridçiliyə gətirdi. Bu, Azərbaycan dövlətçiliyi tarixində utancverici bir səhifə idi.

Belə bir tarixi şəraitdə Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın dərin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan qurtara, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Bu inam onun 1970-ci illərdə respublika, 1990-cı illərin əvvəllərində Naxçıvanda gördüyü işlərdən doğurdu.

Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri qarşısında geri çəkilərək Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Bakıya gələn kimi Heydər Əliyev yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Bu xilaskarlıq missiyasının daha bir pilləsi idi.

Heydər Əliyev qiyam baş vermiş Gəncəyə təkbaşına gedərək sakinlərlə görüşdü, vəziyyətlə yerindəcə tanış oldu. Şəhərdə sabitlik tədricən bərqərar olmağa başladı. Qayıtdıqdan sonra parlament sədri seçildi. Ə.Elçibəy Bakını tərk edəndən sonra isə ölkə Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Dövlətin keşməkeşli bir dövründə hakimiyyətə gələn Heydər Əliyev ölkənin problemlərinin həllində gücə deyil, xalqa arxalanaraq daxili siyasət sahəsində ölkəni dağılmaqdan, separatçılıqdan xilas etdi, milli birliyi bərpa etdi, xalq ilə hakimiyyət arasında inamsızlığı aradan qaldırdı, iflic olmuş dövlət orqanlarının fəaliyyətini bərqərar etdi, insanların sakit və təhlükəsiz yaşayışını təmin etdi və s., xarici siyasət sahəsində isə Ermənistanın davam edən hərbi təcavüzünü dayandırdı, ölkəni fəlakətə salmış savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xətdən imtina etdi, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratdı.

Heydər Əliyev daxili siyasətdə milli birliyin möhkəmləndirilməsinə, dövlətçiliyin bərpasına və hüquqi əsasların yaradılmasına xüsusi önəm verdi. Xarici siyasətdə isə balanslaşdırılmış və praqmatik xətt seçərək Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. Onun rəhbərliyi ilə ölkə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Bu dövrdə həyata keçirilən iqtisadi islahatlar, enerji strategiyasının müəyyənləşdirilməsi və xarici investisiyaların cəlb edilməsi Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi onun siyasi kursunun əsas istiqamətləri idi.

Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir və güclü dövlətə çevrilmişdir. Ölkədə aparılan islahatlar, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi və beynəlxalq nüfuzun artması bu siyasətin uğurlu davamının göstəricisidir.

Xüsusilə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qazandığı Qələbə uzun illər aparılan məqsədyönlü siyasətin nəticəsi idi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyinin tam bərpasını təmin etdi.

Bu nailiyyətlər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasının nə qədər uzaqgörən və düzgün olduğunu bir daha sübut edir. Onun müəyyən etdiyi yol Azərbaycanı sabitlikdən inkişafa, inkişafdan isə qələbəyə aparan strateji xəritəyə çevrildi.

Nəticə etibarilə, Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Onun xilaskarlıq missiyası təkcə bir dövrün problemlərinin həlli ilə məhdudlaşmır, həm də gələcək nəsillər üçün güclü dövlət modelinin formalaşdırılmasına xidmət edir. Bu gün müstəqil, güclü və qalib Azərbaycan reallığı həmin missiyanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əvəzsiz fəaliyyəti sayəsində ən yüksək zirvəyə çatdığını göstərir.

Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü,
partiyanın Sumqayıt şəhər təşkilatının sədri

Seçilən
15
ikisahil.az

1Mənbələr