Xətai rayonunda növbəti ekoloji qalmaqal iddiası gündəmə gəlib.
Belə ki, rayonun Xudu Məmmədov küçəsi ərazisində aparılan tikinti işləri yerli sakinlərin ciddi narazılığına səbəb olub.
Vətəninfo.az xəbər verir ki, “Xəbərsiz”ə müraciət edən sakinlərin iddiasına görə, ərazidəki çoxsaylı ağaclar kəsilərək yerində yeni bina inşa olunur. Onların sözlərinə görə, bu proses zamanı ekoloji tarazlıq pozulur, yaşıllıq məhv edilir.
Vətəndaşlar bildirirlər ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında yaşıllıqların qorunmasının vacibliyini vurğulayıb və ağacların qanunsuz kəsilməsinə qarşı ciddi tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində açıq şəkildə bildirilir:
“Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır”.
Həmçinin qanunda vurğulanır ki, yaşıllıqların kəsilməsi yalnız aidiyyəti qurumların rəyi və xüsusi icazə əsasında həyata keçirilə bilər.
Sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparmasını, qanunsuz ağac kəsiminə hüquqi qiymət verilməsini və tikinti işlərinin sənədlərinin ictimaiyyətə açıqlanmasını tələb edirlər.
Qeyd edək ki, Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.