AZ

“Bunu başqa cür etməli idim”

Alman aparıcı-şoumen Yens Hilbert Türkiyədə keçirdiyi saç əkimi əməliyyatından sonra ciddi səhhət problemi yaşayıb.

VAXT.AZ “Bild” qəzetinə istinadən xəbər verir ki, Almaniyanın məşhur “Promi Big Brother” reality-şousunun qalibi olan Hilbert yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

48 yaşlı televiziya siması təxminən iki həftə əvvəl Türkiyədə saç transplantasiyası əməliyyatı keçirib. Təxminən yeddi saat davam edən prosedurun əvvəlcə problemsiz başa çatdığı bildirilib. Lakin Almaniyaya qayıtdıqdan sonra onun vəziyyəti pisləşməyə başlayıb.

Hilbert bildirib ki, yüksək hərarət və güclü ağrılar səbəbindən vəziyyəti nəzarətdə saxlaya bilməyib. Daha sonra o, Darmstadt şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Televiziya ulduzunun sözlərinə görə, qan göstəriciləri ciddi şəkildə pisləşib və infeksiya riski kritik həddə yüksəlib.

“Qan göstəricilərim çox pis idi. Demək olar ki, sepsis keçirəcəkdim. Görünür, saç əkimi düşündüyüm qədər uğurlu alınmadı”, – deyə Hilbert bildirib.

Bununla belə, o, Türkiyədə əməliyyatı həyata keçirən həkimləri birbaşa ittiham etməyib. Hilbert prosedurun peşəkar şəkildə təşkil olunduğunu, əməliyyatın xəstəxana şəraitində və anesteziya altında keçirildiyini vurğulayıb.

Hilbert problemin əsas səbəbinin əməliyyatdan dərhal sonra səyahət etməsi ola biləcəyini deyib.

“Hava limanında oturursunuz, yeni əməliyyat keçirmisiniz. Açıq yara ilə təyyarəyə mindim. Bunu başqa cür etməli idim”, – deyə o bildirib.

O həmçinin Türkiyəni seçməsinin əsas səbəbinin qiymət fərqi olduğunu açıqlayıb. Hilbert saç əkimi üçün təxminən 3500 avro ödədiyini, eyni prosedurun Almaniyada 9-15 min avroya başa gələ biləcəyini bildirib.

Hazırda televiziya ulduzunun ev şəraitində müalicəsini davam etdirdiyi bildirilir. Yens Hilbert yaşadığı problemlərə baxmayaraq, saç əkimi qərarından peşman olmadığını da qeyd edib.

Seçilən
16
vaxt.az

1Mənbələr