Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sosial şəbəkələrdə gizli dinləmə cihazlarının, mini kameraların və izləmə qurğularının açıq şəkildə satılması geniş yayılıb. Lakin bu cür avadanlıqların satışı və istifadəsi Azərbaycan qanunvericiliyində ciddi hüquqi məsuliyyət yaradır. Xüsusilə şəxslərin xəbəri və razılığı olmadan səs yazılması, izlənilməsi və ya görüntülənməsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab olunur. Məsələ ilə bağlı vəkil Cavanşir Qasımov Demokrat.az-a bildirib ki, Azərbaycanda gizli dinləmə cihazlarının və mikrokameraların satışı qanunla ciddi şəkildə qadağandır:"Bu növ cihazlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onların satışı üçün xüsusi lisenziya tələb olunur. Sosial şəbəkələrdə bu cihazların reklamı və satışı qanunsuzdur, çünki belə vasitələrdən istifadə hüququ yalnız əməliyyat-axtarış fəaliyyəti göstərən dövlət orqanlarına məxsusdur.Bu avadanlıqların qanunsuz satışı və ya istifadəsi həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 302-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz əldə edilməsi və ya istifadəsi cərimə, yaxud azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Eyni zamanda, başqa bir şəxsi gizli dinləmək şəxsi həyatın toxunulmazlığını pozmaq deməkdir ki, bu da qanunla ciddi cəzalandırılır".O deyib ki, hüquqi baxımdan ən vacib məqamlardan biri də odur ki, gizli yolla əldə edilmiş səs yazıları və ya videolar məhkəmədə sübut kimi qəbul edilmir:"Azərbaycan Konstitusiyasına görə, şəxsin razılığı olmadan və ya qanuni əsaslar mövcud olmadan aparılan çəkilişlər və dinləmələr hüquqi qüvvəyə malik deyil. Belə cihazları almaq və ya istifadə etmək şəxsi hüquqi risk altına atır",- deyə o qeyd edib.Yəni, sosial şəbəkələrdə satılan gizli kamera və dinləmə qurğularını almaq və ya onlardan istifadə etmək qanunla qadağandır. Bu əmələ görə həm pul cəriməsi, həm də həbs cəzası nəzərdə tutulur. Üstəlik, gizli çəkilən görüntülər məhkəmədə heç bir işə yaramır.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.