Liviya Fransanın keçmiş prezidenti Nikola Sarkozidən təxminən 10 milyon avro məbləğində ziyanın kompensasiyasını tələb edir.
"Report" xəbər verir ki, bu barədə "20minutes" portalı məlumat yayıb.
Qeyd olunur ki, Paris Apellyasiya Məhkəməsində Sarkozinin 2007-ci il prezidentlik kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə iclas çərçivəsində Liviya hakimiyyətinin vəkillərindən biri maddi təzminat kimi təxminən 5 milyon avro və mənəvi təzminat kimi daha 5 milyon avronun ödənilməsi barədə vəsatət qaldırıb.
Məlumata görə, maddi ziyanın məbləği Liviya xəzinədarlığı və xüsusi xidmət orqanları tərəfindən 2006-cı ilin yanvar və noyabr aylarında Fransa-Livan əsilli sahibkar Ziyad Takieddinin hesabına həyata keçirilmiş iki köçürməyə uyğundur.
İttiham tərəfi hesab edir ki, bunlar hansısa "korrupsiya razılaşması" çərçivəsində Sarkozinin prezidentlik kampaniyasının gizli maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş və qanunsuz mənimsənilmiş dövlət vəsaitləri olub.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında Sarkozi prezident kampaniyasının Liviya tərəfindən qeyri-qanuni maliyyələşdirilməsində ittiham edilmişdi. Prokurorluq onun 6 ay müddətinə həbs edilməsini və 3 750 avro məbləğində cərimələnməsini tələb etmişdi.
Bir müddət sonra Sarkozi təqsirli bilindi. Onun kampaniyaya nəzərdə tutulmuş 22 milyon əvəzinə 42 milyon avro xərclədiyi müəyyən edilmişdi.
2023-cü ildə ona "şahidin asılı vəziyyəti barədə məlumatı gizlətmə" və "cinayətkar qrup tərkibində məhkəmə dələduzluğunu həyata keçirmək məqsədilə cinayət əlbirliyi" ittihamları irəli sürüldü.
2025-ci ilin sentyabrında Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edildi və bir ay sonra həbsxanaya yerləşdirildi.
2026-cı ilin may ayının əvvəlində o, 2012-ci ilin seçki kampaniyasına həddindən artıq xərcləmə ilə bağlı iş üzrə şərti azadlığa buraxılıb.