AZ

Buraxılış imtahanları daha çətinləşir? - Rəsmi açıqlama və ekspert rəyi

"Bu il buraxılış imtahanına daha çox təhlil tələb edən, düşündürücü suallar daxil etmişik".

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində söyləyib.

Bəs düşündürücü suallar blok imtahanına da şamil ediləcək?

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, buraxılış imtahanlarında sualların düşündürücülük səviyyəsinin artması yalnız və yalnız sevindirici haldır:

“Doğrudur, abituriyentlər bu sözümüzə görə bizə irad tuta və hətta qıcıqla qarşılaya bilərlər. Onları başa düşürəm. İmtahan verən şəxs onsuz da həssas bir durumda olur və hər şeydən əvvəl nəticəyə fokuslanır. Hamımız bu yolu keçmişik. Mən də, siz də, hər birimiz abituriyent olduğumuz zaman məsələnin daha geniş və miqyaslı formatına deyil, özümüz üçün daha sadə yola yönəlmişik və bunu arzulamışıq. Bu başa düşüləndir və burada abituriyentləri qətiyyən günahlandırmıram; bu, normal insani istəkdir. Amma məsələyə daha geniş pəncərədən baxmaq da vacibdir”.

Müsahibimiz bildirdi ki, bu günlərdə suallar nə yaxşı ki, uzun illər qapalı testlərin təlqin etdiyi quru faktologiyadan çıxır:

"Bu, çox sevindirici haldır və proses uğurla davam edir. Bu nəticə pillə-pillə, mərhələ-mərhələ görülən işlərin məhsuludur. Bu gün şagirdlərimiz və gənclərimiz düşüncə alqoritminə daha çox önəm verməlidirlər, quru faktologiyaya yox. Hər bir sual onların analiz bacarığını artırmalıdır və bu yanaşma həm buraxılış, həm də blok imtahanlarında öz əksini tapmalıdır".

E.Nuri qeyd etdi ki, buraxılış imtahanları qəbul imtahanlarının bir hissəsidir:

"Əgər sualların düşündürücülük səviyyəsinin artan tempi buraxılış imtahanlarında özünü göstərirsə, böyük ehtimalla bu temp blok imtahanlarında da davam edəcək və bunu şəxsən mən gözləyirəm".

Xədicə BAXIŞLI 

Seçilən
24
redaktor.az

1Mənbələr