AZ

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna sədrliyi dövründə təşkilatın sıraları daha da genişlənib

Leypsiq, 7 may, AZƏRTAC

Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti bu gün işini səmərəli müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Sammitin ikinci günü ITF-in Nəqliyyat Nazirləri Şurasının 18-ci sessiyası ilə başlayıb.

Sessiyanın yekunları ilə bağlı mətbuat konfransında çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirin nəqliyyat sistemlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək konkret nəticələrlə yadda qaldığını vurğulayıb. Nazir bildirib ki, bu nəticələr Azərbaycanın ITF-ə sədrliyi dövründə həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Azərbaycan forumun institusional əsaslarının gücləndirilməsi istiqamətində də çalışaraq, ITF-in genişlənmə prosesinin şəffaf və üzv ölkələrin maraqlarına əsaslanan şəkildə həyata keçirilməsi üçün strukturlaşdırılmış üzvlük strategiyası hazırlayıb.

Rəşad Nəbiyev uğurlu fəaliyyətin nəticəsi olaraq, Qana, Panama və Perunun ITF üzvlüyünə qəbul olunması ilə bağlı Azərbaycanın tövsiyəsinin üzv ölkələr tərəfindən dəstəklənməsi ilə forumun sıralarının genişləndiyini, üzvlərin sayının 72-yə çatdığını qeyd edib. Nazir bununla yanaşı, beynəlxalq yükdaşımalar bağlantısının rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı ilə bağlı Azərbaycanın tövsiyələrinin də üzv ölkələr tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırıb.

ITF-in Baş katibi Yanq Tae Kim Azərbaycanın foruma sədrliyi dövründə üç yeni üzvün qəbulunun ölkəmizin uğurlu fəaliyyətinin göstəricisi olduğunu vurğulayıb.

Forum üzvlüyünə yeni qəbul olunan ölkələrin – Qana, Panama və Perunun nümayəndələri ITF üzvlüyünə qəbul olunmalarına və foruma uğurlu sədrliyinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

Sonra forum çərçivəsində “İnkişafın sütunları: İdarəetmə, innovasiya və əməkdaşlıq” mövzusunda nazirlər toplantısı keçirilib.

Toplantını açan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müzakirələrin əsas qayəsini təşkil edən idarəetmə, innovasiya və əməkdaşlığın ayrılıqda olduğu kimi birlikdə də böyük önəm daşıdığını vurğulayıb. Nazir qeyd edib ki, qarşıdakı dövrdə məhz bu üç amil ITF üzvlərinin kollektiv fəaliyyətinə istiqamət verməlidir.

“İdarəetməni gücləndirməklə, innovasiyanı təşviq etməklə və əməkdaşlığı dərinləşdirməklə daha səmərəli, daha dayanıqlı və daha ədalətli nəqliyyat sistemləri qura bilərik”, - deyə Rəşad Nəbiyev qeyd edib.

Azərbaycanın ITF-ə sədrliyi dövründə məhz bu yanaşmanı rəhbər tutduğunu deyən nazir bildirib ki, bu müddətdə forum institusional proseslərin dəstəklənməsi, rəqəmsallaşma və şəhər mobilliyi ilə bağlı müzakirələrin irəlilədilməsi, həmçinin üzvlər və tərəfdaşlar arasında inklüziv dialoqun təşviqi istiqamətində aktiv fəaliyyət göstərib. Rəşad Nəbiyev idarəetmə, innovasiya və əməkdaşlığın bir-birini tamamlaması istiqamətində müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

ITF-in baş katibi Yanq Tae Kim nəqliyyat sahəsində dayanıqlı və uzunmüddətli inkişafın təmin olunması üçün kollektiv əməkdaşlıq və davamlı institusional innovasiyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, idarəetmə çərçivələri investisiyaların cəlbi və davamlılığını təmin edən şəffaflıq, proqnozlaşdırıla bilmə və effektiv koordinasiyanı dəstəkləməlidir. O, yeni texnologiyalardan irəli gələn risklər, mütəşəkkil cinayətkarlıq, iqlim və hava şəraiti ilə bağlı hadisələr, eləcə də geosiyasi gərginliklər kimi xarici amillərə institutların daha çevik və dayanıqlı şəkildə uyğunlaşmasının zəruriliyini qeyd edib. ITF-in baş katibi maliyyələşmə mövzusundan idarəetmə məsələlərinə keçidin formalaşdırılması istiqamətində müzakirələrin önəmini vurğulayaraq, bu istiqamətdə araşdırmaların gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb və ITF-in 2027-ci ildəki Sammitinin mövzusu “Dayanıqlı nəqliyyatın idarə edilməsi” olacağını bəyan edib.

Açılış çıxışlarından sonra toplantıda digər ölkələrin nəqliyyat nazirlərinin və beynəlxalq qurumların rəhbər və təmsilçilərinin çıxışları dinlənilib.

Sonda sammit iştirakçıları birgə foto çəkdiriblər.

Qeyd edək ki, bu tədbir dünyada nəqliyyat nazirlərinin ən böyük toplantısı olmaqla yanaşı, nəqliyyat siyasətinin formalaşdırılması üçün aparıcı qlobal platforma hesab olunur. Bu il Dünya Nəqliyyat Forumuna Azərbaycan sədrlik edir. Builki sammitdə 70-dən çox ölkədən 1200 nümayəndə, o cümlədən 39 nazir iştirak edir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Leypsiq
Seçilən
5
1
azertag.az

2Mənbələr