
“İran indiyədək nüvə silahına sahib olmağa çalışmayıb. Bu haqda Ali dini liderin fətvası var. Hətta ötən il 12 günlük müharibədən sonra 70-dək parlamentari İranın Ali Təhlükəsizlik Şurasına nüvə silahı yaratmaqla bağlı müraciət etsə də, müvafiq qərar verilmədi və bu istiqamətdə hər hansı addım atılmadı. Halbuki, İranın nüvə araşdırmaları sahəsində gəldiyi nöqtə nüvə silahının yaradılması istiqamətində uğurlu nəticə əldə etmələrinə imkan verə bilərdi. ABŞ-nin və İsrailin narahatlığı da məhz bu ehtimal üzərindəndir. Beləliklə, İran tamamilə nüvə reaktorlarını ləğv etməli, 400 kq-dan çox həcmdə artıq zənginləşdirdiyi uranı təhvil verməli və uran zənginləşdirilməsindən birdəfəlik imtina etməlidir. Bunlar ABŞ-nin əsas tələbləridir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə bildirib.
Ş.Cəlilzadənin sözlərinə görə, 28 fevralda başlanan müharibənin əsas səbəblərindən biri İranın bu tələblərə əməl etməməsi idi: “Müharibə, natamam atəşkəs, blokada dövrlərində yaşananlar tərəflərin mövqelərində müəyyən qədər yumşaltma yaratdı. Məsələn, İran son olaraq 14 maddəlik sülh planı təqdim etdi ki, bu plana görə uran zənginləşdirməsini qarşıdakı 15 ildə indiki 60%-dən imtina edərək 3,6%-ə, yəni sivil nüvə təsisləri üçün tələb olunan uran zənginləşdirmə həddinə endirməyi təklif etdi. Lakin Tramp dünən bu təklifi cavablandırdı. Trampın sonuncu, 14 maddəlik planında İranın ən az 12 il ərzində heç bir uran zənginləşdirməsi aparmayacağı tələbi qoyulur. Başqa sözlə, İran Qərblə əməkdaşlıq edən ölkəyə çevrilsə həm sanksiyalar aradan qalxacaq, həm dondurulmuş milyardlarla dollarlıq vəsaitləri aktivləşdiriləcək, həm də 12 ildən sonrakı dövr üçün uranın sivil məqsədlərlə zənginləşdirilməsinə tanınan imkanı dəyərləndirmək şansı qazana bilər”.
O əlavə edib ki, lakin İranın bu şərti qəbul etməsi inandırıcı görünmür: “İranın bu şərtləri qəbul etməsi məğlubiyyətini göstərən davranış olar. Bu qədər qan tökülməsi, infrastrukturun dağıdılması olmadan da bənzər razılaşmaya getmək olardı. Lakin İran bu şərtləri qəbul etməzsə, müharibənin növbəti mərhələsi başlayacaq. Təsadüfi deyil ki, Netanyahu “bütün ssenarilərə hazır olmalıyıq” mesajı verdi. İstənilən halda diplomatiyanın gücünə, xüsusilə Tramp-Cinpin görüşünün Yaxın Şərqə sülh istiqamətində irəliləyişlər gətirəcəyinə ümid etmək qalır”.
Röya İsrafilova