Sinqapur hakimiyyəti məktəblərdə zorakılıq və kiberbulinq daxil olmaqla digər şagirdlərə qarşı təhqir və təzyiq göstərən oğlan uşaqlarına qarşı fiziki cəza tətbiqinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, qaydalara əsasən, təhqir və bullinq edən (həmyaşıdlarına və ya digər şagirdlərə qarşı davamlı, qəsdən və sistemli şəkildə güc tətbiq edən, onları alçaldan və ya təcrid edən) şagirdlər rotanq çubuğu ilə cəzalandırıla biləcək. Yeni intizam tədbirləri 9 və daha yuxarı yaşı olan oğlanlara şamil olunur.
Sinqapur Təhsil Nazirliyi bildirib ki, maksimum 3 zərbə vurula bilər və cəzanın ağırlığı pozuntunun dərəcəsindən asılı olacaq. Nazirliyin rəhbəri Desmond Li bu tədbiri “son çarə” adlandırıb.
Onun sözlərinə görə, fiziki cəza yalnız digər tərbiyə üsulları nəticə vermədikdə və ciddi pozuntu hallarında tətbiq ediləcək. Qərarın icrası məktəb direktoru tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllim tərəfindən həyata keçirilməlidir.