Bakı, 7 may, AZƏRTAC
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Avropa İttifaqına (Aİ) üzvlük prosesinin durğunluq yaşadığı bir dövrdə Türkiyə üçün alternativ, lakin tamamlayıcı diplomatik kanalın formalaşdığını nümayiş etdirir. Zirvə toplantısı təhlükəsizlik, enerji və kommunikasiya kimi strateji sahələrdə koordinasiyanı təmin etmək məqsədilə Aİ-nin 27 üzvünü, namizəd dövlətləri və birliyə daxil olmayan digər Avropa ölkələrini bir araya gətirən mühüm platformadır. Türkiyənin bu tədbirdə prezident deyil, vitse-prezident səviyyəsində təmsil olunması strateji seçimdir. Ankara üzvlük prosesindəki siyasi durğunluq fonunda münasibətləri məhdud və nəzarətli çərçivədə saxlamağa üstünlük verir. Beləliklə, Türkiyənin bu sammitdəki iştirakı onun seçici əməkdaşlıq və çevik diplomatiya kursunun bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türk ekspert Zeynep Gizem Özpınar deyib.
Onun sözlərinə görə, Zirvə toplantısında Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə ifadə olunan dəstək, eləcə də tərəflərin öz sadiqliklərini yenidən təsdiqləmələri Cənubi Qafqazın artıq aktiv münaqişə zonasından çıxaraq, danışıqlar və postmünaqişə dövrünün bərpa mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu kontekstdə Azərbaycan Prezidentinin ikili standartlar mövzusunu xüsusi vurğu etməsi regional aktorların Avropanın ritorikasına cavab olaraq daha tənqidi, müstəqil və milli maraqlara söykənən diskurs formalaşdırdığını sübut edir.
“Ümumilikdə bu inkişaf meyilləri Türkiyə-Avropa İttifaqı münasibətlərinin mahiyyət etibarilə transformasiyaya uğradığını göstərir. Texniki müstəvidə Aİ-nin irəliləyiş hesabatları və üzvlük meyarları hələ də hüquqi qüvvəsini qorusa da, praktikada münasibətlər getdikcə daha çox geosiyasi və funksional əsaslara söykənir. Avropanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik kontekstində Türkiyəyə ehtiyacının artdığı bir dövrdə, Ankara Avropa Siyasi Birliyi kimi platformalar vasitəsilə Avropa ilə təmaslarını kəsmədən, lakin asılılıqdan uzaq bir mövqe nümayiş etdirir. Bu baxımdan, İrəvan Zirvəsini Türkiyə xarici siyasətinin getdikcə daha aydın şəkildə təzahür edən çoxşaxəli, praqmatik və balanslaşdırılmış strateji kursunun məntiqi davamı kimi qiymətləndirmək olar”, - deyə ekspert izah edib.
Müxbir - Leyla Muradzadə