Politoloq Klaudiya Mayor enerji böhranı və Hörmüz boğazındakı vəziyyətin Avropa iqtisadiyyatını ciddi zərbə altında qoyduğunu bildirib...
Poliqon xəbər verir ki, The New York Times qəzetində dərc olunan məqalədə alman politoloq Klaudiya Mayor Yaxın Şərqdəki qarşıdurmanın Avropa iqtisadiyyatı üçün ağır nəticələr doğurduğunu yazıb. Müəllifin fikrincə, İranla müharibə və Hörmüz boğazı ətrafında yaranmış böhran Avropanın böyük hissəsini iqtisadi baxımdan ciddi sınaq qarşısında qoyub.
Məqalədə qeyd olunur ki, müharibədən əvvəl dünya üzrə neft və qaz ixracının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının faktiki olaraq bağlanması enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olub. Bu isə Avropada inflyasiyanın sürətlənməsinə, istehsal xərclərinin yüksəlməsinə və onsuz da zəif olan iqtisadi artımın daha da ləngiməsinə gətirib çıxarıb.
Klaudiya Mayor bildirib ki, Avropa ölkələri xüsusilə enerji asılılığı səbəbindən Yaxın Şərqdəki qeyri-sabitliyin təsirlərini daha dərindən hiss edir. Onun sözlərinə görə, enerji bazarındakı şoklar sənaye istehsalına, logistika zəncirlərinə və istehlak bazarına mənfi təsir göstərir.
Məqalədə xatırladılır ki, ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 13-də İran limanlarına daxil olan və ya oradan çıxan bütün dəniz trafikinin blokadasına başlayıb. Söhbət həm Hörmüz boğazının şimal, həm də cənub istiqamətlərində yerləşən İran limanlarından gedir. Vaşinqton bildirib ki, İranla əlaqəsi olmayan gəmilər Tehran tərəfinə keçid haqqı ödəmədikləri halda boğazdan sərbəst keçə bilərlər.
Bununla yanaşı, İran rəsmiləri hələlik rəsmi keçid haqqı tətbiq etmədiklərini açıqlasalar da, gələcəkdə belə bir mexanizmin tətbiq oluna biləcəyinə dair bəyanatlar veriblər. Analitiklər hesab edirlər ki, bu cür qeyri-müəyyənlik beynəlxalq enerji bazarlarında əlavə gərginlik yaradır və yükdaşıma şirkətlərinin risklərini artırır.
Ekspertlərə görə, Hörmüz boğazı ətrafında davam edən böhran qlobal enerji təhlükəsizliyi üçün əsas təhdidlərdən birinə çevrilib və Avropa iqtisadiyyatının yaxın aylarda daha ciddi təzyiqlərlə üzləşməsi ehtimalı artır.
Poliqon.info