9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olan şagirdlə bağlı diqqətçəkən məlumat yayılıb.
Musavat.com xəbər verir ki, söhbət kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadədən gedir.
Emin Mustafazadə hələ məktəb illərindən yüksək nəticələri ilə seçilib. O, 7-ci sinifdə Respublika Fənn Olimpiadasında qızıl medal qazanıb. Daha sonra 8-ci sinifdə də uğurunu davam etdirərək olimpiadanın qızıl medalçısı olub. Lakin gənc şagirdin həyatında çətin bir dönəm başlayıb. Xərçən xəstəliyi səbəbindən o, bir il müddətində təhsildən uzaq qalmağa məcbur olub.
Buna baxmayaraq, Emin ruhdan düşməyib, həm sağlamlığı, həm də təhsili uğrunda ciddi mübarizə aparıb. Böyük əzmkarlıq göstərən şagird xəstəliyinə qalib gəldikdən sonra yenidən dərslərinə və hazırlıqlarına qayıdıb. Nəticədə bu il keçirilən Respublika Fənn Olimpiadasında kimya fənni üzrə 9-cu siniflər arasında ölkə birincisi adını qazanıb. Beləliklə, Emin Mustafazadə həm biliyi, həm də iradəsi ilə nümunəyə çevrilib. Onun uğur hekayəsi sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Şahanə Rəhimli,
Musavat.com