Bakı, 7 may, AZƏRTAC
Azərbaycanda rəqəmsal transformasiya və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılır.
Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumu ilə birgə icra olunan “Tradetech” layihəsinin Azərbaycan üzrə strateji nəticələrinin təqdimatında deyib.
F.Cəfərov bildirib ki, Azərbaycan, Dördüncü sənaye inqilabının gətirdiyi imkanlardan maksimum yararlanmaq məqsədilə strateji addımlarını sürətləndirir. Dünya İqtisadi Forumunun (WEF) dəstəyi ilə ölkəmizdə qurulan 4-cü Sənaye İnqilabı Mərkəzi (4SİM), bu gün təkcə yerli deyil, həm də qlobal miqyasda nümunəvi bir modelə çevrilib.
“Mərkəzin ən uğurlu layihələrindən biri olan 4-cü Sənaye İnqilabı Akademiyası vətəndaşlarımızın rəqəmsal bacarıqlarını beynəlxalq standartlara çatdırmağı hədəfləyir. 2023-cü ildə cəmi 1000 nəfərlik pilot layihə kimi başlayan bu təşəbbüs, hazırda 70 min insanı əhatə edən nəhəng bir platformadır. “Coursera” kursların ödənişli olmasına baxmayaraq, İqtisadiyyat Nazirliyinin koordinatorluğu və bp, “Paşa Holdinq”, SOCAR kimi strateji tərəfdaşların maliyyə dəstəyi sayəsində bu təlimlər Azərbaycan vətəndaşlarına tamamilə ödənişsiz təqdim olunur. Bu günə qədər platformada 110 mindən çox sertifikat qazanılmış və ümumilikdə 400 min saatdan çox öyrənmə vaxtı sərf edilib. Bu rəqəmlər cəmiyyətimizin yeni texnologiyalara adaptasiya potensialının göstəricisidir”, - deyə icraçı direktor vurğulayıb.
Fariz Cəfərov deyib ki, Azərbaycanın bu sahədəki fəaliyyəti dünya miqyasında yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun şəbəkəsinə daxil olan 27 qlobal mərkəz arasında Azərbaycan mərkəzi ilk 3-lükdə qərarlaşıb.