AZ

TƏHSİL SİSTEMİNDƏ YENİ DÖVR... Məzunlar üçün nə dəyişir?

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycanda təhsil sistemində rəqəmsallaşma prosesi getdikcə sürətlənir və bu istiqamətdə yeni addımlar atılır. Artıq attestat və diplom kimi dövlət nümunəli sənədlərin mərhələli şəkildə elektron formata keçirilməsi həyata keçirilir. Bu dəyişiklik həm məzunların sənədlərə çıxışını asanlaşdırır, həm də işəgötürənlər üçün yoxlama prosesini daha çevik edir. 

Bəs bu yenilik təhsil sistemində şəffaflığı və etibarlılığı tam təmin edə biləcəkmi? Dəyişiklik təhsil sistemində real keyfiyyət artımı yaradacaqmı?

Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca “AzPolitika”ya bildirib ki, təhsil sistemində sənədlərin rəqəmsallaşması prosesi, mahiyyət etibarilə bürokratik maneələrin aradan qaldırılması və idarəetmənin tamamilə yeni müstəviyə keçməsidir.

Onun sözlərinə görə, elektron format hər şeydən əvvəl məlumatın manipulyasiyası və saxtalaşdırılması imkanlarını texniki səviyyədə qeyri-mümkün edir: “Çünki hər bir rəqəmsal diplom və ya attestat dövlətin mərkəzi verilənlər bazasına birbaşa bağlıdır. Bu, sənədin doğruluğunu yoxlamaq üçün aylarla davam edən rəsmi yazışmaları bir neçə saniyəlik elektron sorğuya çevirir ki, bu da şəffaflığın ən yüksək formasıdır. Bununla belə, sənədlərin rəqəmsallaşması təhsildə keyfiyyət artımının özü deyil, həmin artımı stimullaşdıran əsas mühit amilidir”.

Ş.Qoca qeyd edib ki, şəffaflıq təmin olunduqda, "diplom xatirinə təhsil almaq" stereotipi zəifləyir: “Çünki rəqəmsal sistemlər gələcəkdə yalnız bir sənəd nömrəsini deyil, məzunun bütün təhsil trayektoriyasını, onun qazandığı real bacarıqları və nailiyyətlərini izləməyə imkan verən portfeli özündə birləşdirəcək. Belə bir mühitdə tələbələr və şagirdlər arasında rəqabət sənəd toplamaqdan real bilik qazanmağa doğru yönəlir”.

Ekspert sonda vurğulayıb ki, nəticə etibarilə, idarəetmədə rəqəmsal şəffaflıq təhsilin məzmununa da sirayət edir və bu zəncirvari reaksiya zamanla sistemin daxili keyfiyyət göstəricilərinin, müəllim-şagird münasibətlərinin və qiymətləndirmə standartlarının daha sağlam təməllər üzərində qurulmasına gətirib çıxarır.

Oğuz Ayvaz 

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
azpolitika.info

1Mənbələr