AZ

Hədəfində Çat Verən Cəmiyyət

Təranə Şəms


Hədəfində Çat Verən Cəmiyyət

(“Səhnə qurulmuşdu, reallıq isə hazır idi*)
******
Bəzən ən böyük həqiqətlər qurulan səhnələrdə yox, o səhnələrin içində özünü ifşa edən reallıqda görünür.

Hadisənin içinə iz açmadan düşmək bəzən planlı baxışdan yox, təsadüfi müşahidədən doğur. İnsan əvvəlcədən nəticə axtarmadan sadəcə baş verənlərin axarına daxil olur və gördükləri onu sonradan düşünməyə vadar edir. Mən də bu düşüncələrin içində özümü gördüm.
Belə ki, Akademiyanın bağında gördüyüm hadisə məni çox təəccübləndirdi. Dincəlmək üçün skamyaların birində əyləşdim. Birdən qulağıma ağlaya-ağlaya yalvaran bir cavan oğlanın səsi gəldi. Səs gələn səmtə baxdım və gördüyüm mənə sarsıdıcı təsir etdi.
Bir cavan oğlan bir neçə insanın qarşısında diz çökərək yalvarır, ac olduğunu insanlara çatdırmağa çalışırdı. Ətrafdakılara belə deyirdi:
“Neçə gündür dilimin altından heç nə keçmir. Yalvarıram, mənə yemək alın. Mənim cibimdə qəpiyim də yoxdur.”
Bu səhnə mənə o qədər ağır təsir etdi ki, bir anlıq donub qaldım. Düzdür, yolda əl açıb çörək pulu istəyən gəncləri görmüşdüm, amma belə bir vəziyyətlə qarşılaşmamışdım. Düşündüm ki, yaxınlaşım. Sonra fikrimdən daşındım — görək bu işin sonu necə olacaq? Görək humanist qəlbli biri çıxıb bu ac gəncə yemək alacaqmı?
Amma gözlədiyimlə qarşılaşdığım eyni olmadı.
Ətrafda olanlar bu vəziyyəti telefonla çəkirdi. Hətta aralarında biri vardı ki, real kamera ilə çəkiliş aparırdı. Maraqla baxdığım halda birdən gördüm ki, oğlan ətrafdakılarla danışıb gülməyə başladı. Bu mənzərə məni tam çaşdırdı. Öz-özümə sual verdim: “Yəni belə də olur?”
Bu sualın içində qaldığım anda başqa bir səhnə diqqətimi çəkdi.
Həmin kütlənin arasında geyimli-keçimli, orta yaşlı bir kişi də vardı. Savadlı insana bənzəyirdi. Əlində olanlar isə daha çox maraq doğururdu: bir əlində döşəkçə, bir əlində nimdaş kepka və üstündən asılmış bir yazılı karton. Kartonda yazılmışdı: “Kreditim var.”
Və bu zaman gözlənilməz bir hadisə baş verdi.
Həmin kişi döşəkçəni yerə qoyub üstündə oturdu və əşyalarını qarşısına düzdü. Bu anda gördüyüm mənzərə məni daha da sarsıtdı. Az əvvəl ağlayan oğlan həmin insana yaxınlaşaraq döşəkçəni altından çəkdi və dedi:
“Niyə gəldin bura? Sən mənim bazarımı niyə öldürürsən? Bura mənim məkanımdır.”
O biri isə cavab verdi:
“Mən də kredit ödəyirəm. İmkanım yoxdur.”
Bu səhnəni izlədikdən sonra artıq dayana bilmədim. Hiss etdim ki, bu, sadəcə bir küçə hadisəsi deyil — bu, cəmiyyətin özünü göstərən bir səhnədir.
Bir anlıq duruxdum və bu epizodik ssenarinin “rejissoruna” yaxınlaşıb soruşdum:
— Siz hansı kanaldansınız?
Cavab verdi:
— AZTV-dən.
Soruşdum:
— Siz nə etdiyinizin fərqindəsiniz? Bu səhnənin qurulmasına kim icazə verib? Rəhbərliyin xəbəri varmı?
Dedi:
— Bəli, var.
Bu cavabdan sonra düşündüm: siz bu çəkilişlə Azərbaycanda gedən təbəqələşməni göstərir, cəmiyyət arasında böyük rezonans yaradırsınız. Bu gün Azərbaycan öz hədəfində çat verən bir mühitdir və çəkdiyiniz səhnə bu durumun açıq görüntüsüdür.
Küçə səhnəsi kimi görünən belə sosial vəziyyətlərdə müşahidə daha çoxqatlı olur. İnsanlar eyni hadisəni izləyir, fərqli reaksiya verir və hər biri həmin məkanı başqa cür anlayır. Bu fərqlilik göstərir ki, reallıq təkcə baş verənlərlə deyil, ona verilən baxışlarla da formalaşır.
Belə bir halda ortaya sadə, amma düşündürücü bir sual çıxır: biz hadisəni olduğu kimi görürük, yoxsa onu öz baxışımızla yenidən anlayırıq?


Seçilən
20
azia.az

1Mənbələr