ABŞ-da 2026-cı il dünya çempionatı üçün hazırlanmış parlaq promo-çarx təqdim olunub.
Ölkə.az xəbər verir ki, bu video artıq sosial şəbəkələrdə geniş müzakirə olunur. “FOX Sports”un hazırladığı rolik turnirin alternativ ssenarisini göstərir. Burada Kristian Pulişiç finalın qəhrəmanına çevrilir və Braziliya üzərində qələbə qazandırır.
Süjetə görə, həlledici oyunda hesab 2:2 olarkən Pulişiç son dəqiqələrdə qələbə qolunu vurur və ABŞ millisi tarixi triumfu qeyd edir. Videoda ölkə boyu geniş bayram ab-havası və futbolçuların milli qəhrəman statusu alması nümayiş olunur.
Lakin ən çox diqqət çəkən məqamlardan biri başqa epizod olub. Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin başı qırxılır. Bunu isə guya uduzulmuş mərcdən sonra Amerika futbolunun ulduzu Tom Bredi edir. Səhnə yumoristik tərzdə təqdim olunub və qısa müddətdə viral yayılıb.
Videoda digər məşhur simalar da yer alır. Ümumilikdə çarxın ideyası sensasiyaya inam və ABŞ millisinin evdə keçiriləcək mundialda mümkün zəfəri üzərində qurulub. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Xatırladaq ki, mundial 11 iyundan 19 iyula qədər davam edəcək.(publika)