AZ

Əliyevin hərbi-texniki əməkdaşlıq tərəfləri kimi üç maraqlı seçimi...



Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında İtaliya ilə hərbi əməkdaşlıqla bağlı önəmli məqama toxunub:

“Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb”.

Bundan əvvəl Ukrayna və Çexiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı razılıq əldə edilib. İndi də İtaliya kimi aparıcı ölkə ilə hərbi-texniki sahədə əməkdaşlıq qurulur.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, Qarabağ məsələsinin həlli sözügedən məsələdə Azərbaycanın imkanlarını genişləndirir: “Məsələ ondadır ki, bir sıra Avropa dövlətləri əvvəllər Qarabağ məsələsini əllərində əsas tutub nəinki Azərbaycana silah satmırdılar, heç müdafiə sənayesi sahəsində əməkdaşlığa belə yaxın durmurdular. Açıq deyirdilər ki, problem həll edilməyənə qədər bu sahədə əməkdaşlıq olmayacaq. Azərbaycanın ərazilərini işğaldan azad etməsi bu sahədə yeni vəziyyət yaratdı. Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu götürdü və müdafiə silahlarının satılmasına razılıq verdi. Azərbaycan hərbi sahədə onsuz da İtaliya ilə müəyyən əməkdaşlığa malik idi. Hesab edirəm ki, iki ölkə bundan sonra hərbi sahədə əməkdaşlığı daha da genişləndirəcək. İtaliya aparıcı NATO dövlətlərindən biridir. Azərbaycanın maliyyəsi hesabına İtaliya ilə birlikdə bəzi silahların istehsalını təşkil etmək mümkündür. Yəni sərmayə bizdən, texnologiya İtaliyadan. Nəzərə almaq lazımdır ki, 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ölkədə bir sıra silahlar istehsal olunur. Biz İtaliyanın hərbi sənaye kompleksi ilə uğurlu əməkdaşlıq qura bilsək, silah istehsalında yeni mərhələ yaranacaq. Bu, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək. İstehsal olunan silahları Azərbaycan bir sıra Asiya və Afrika ölkələrinə ixrac edəcək. Yəni həmin silahların ixracı zamanı alıcı probleminin olacağını düşünmürəm. Çünki son illər dünya ölkələri ilbəil silahlanmaya, müdafiə sahəsinə daha çox vəsait ayırırlar. Bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycan-İtaliya əməkdaşlığının perspektivləri var”.

Vidadi ORDAHALLI

Seçilən
5
baki-xeber.com

1Mənbələr