“Benfika”nın baş məşqçisi Joze Mourinyo "Real "ı çalışdırmağa razıdır, lakin bunun üçün bir sıra şərtlər irəli sürüb.
QOL.az xəbər verir ki, “ESdiario” nəşrinin məlumatına görə, 63 yaşlı mütəxəssis Madrid klubunun rəhbərliyinə 10 tələb təqdim edib. Əsas şərtlər arasında iki illik müqavilə, heyət üzərində tam nəzarət və bir neçə futbolçu ilə yolların ayrılması yer alır. Siyahıda David Alaba, Dani Karvahal və Fran Gonzalez də var.
Mourinyo, həmçinin məşqçi heyətini özü ilə gətirmək istəyir, lakin Alvaro Arbeloanın klubda qalmasına qarşı deyil. Bununla yanaşı, fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun komandadan uzaqlaşdırılmasını tələb edir.
Portuqaliyalı mütəxəssis əlavə olaraq yay hazırlığının ABŞ və Asiyada keçirilməməsini, klub prezidenti Florentino Perez ilə birbaşa əlaqəni və futbolçuların zədələri ilə bağlı ikinci tibbi rəyin alınmasını istəyir.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb və bu müddətdə komanda ilə La Liqa, İspaniya Kuboku və Superkubokunu qazanıb.