AZ

“Qarabağ“ Koxalskini qalmağa razı sala bilməsə… Namizədlərin arasında o da var

“Pafos”un qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

Niderland mətbuatında tirajlanan xəbərə görə, 25 yaşlı qolkiper “Qarabağ”ın maraq dairəsindədir.

Bildirilir ki, Qorterin mövsümün sonunda “Pafos”dan ayrılmaq ehtimalı yüksəkdir. Həm Kipr klubu, həm də niderlandlı bu ayrılığa müsbət yanaşır.

Lakin “Qarabağ”la yanaşı, Niderlanddan “Qo Ehed İqlz” da Qorteri heyətinə qatmaq niyyətindədir.

Ölkəsinin U-21 millisinin sabiq üzvü daha çox öz vətəninə dönməyə üstünlük verir. Çünki Qorter ilk klubu olan “Qo Ehed İqlz”də uğurlu çıxışla yadda qalıb.

Erediviziya komandası əsas qapıçısı ilə vidalaşmağa hazırlaşır. “Pafos”un maliyyə tələbləri də yüksək olmadığından, bu transferin baş tutmaq ehtimalı yüksək qiymətləndirilir.

Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib. Onun müqaviləsi 2028-ci ilə qədərdir.

“Qarabağ“dan aldığımız məlumata görə, niderlandlı “əlcək sahibi“nin Azərbaycana gəlişindən danışmaq tezdir. Baxmayaraq ki, menecerlər Qorterin avrokuboklarda çıxış etməyi çox arzulaması barədə onlara məlumat verib.

“Köhlən atlar“ daim qitəmiqyaslı yarışların qrup mərhələsində mübarizə apardığından, bu, sözügedən “əlcək sahibi“yə hədsiz cəlbedici görünür.

Ağdam təmsilçisi yalnız onunla danışıqlar aparmır. Eyni zamanda Mateuş Koxalski ilə görüşmələr davam edir.

Son iki mövsümü ölkəmizdə keçirən polşalı kiper Avropaya dönmək istəyir və bu istəyini həyata keçirməkdə israrlıdır.

“Qarabağ“ müqaviləsi 2027-ci ilin yayında bitəcək polyakı fikrindən döndərməyə çalışır, əgər buna nail olmasalar, alternativ variantlar üzərində çalışmaları sürətləndirəcəklər.

Qorter o siyahıda tək deyil, daha 6-7 namizəd nəzərdən keçirilir.

SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr