AZ

Deputat: Azərbaycan sülh gündəliyinə sadiqdir

Bakı, 6 may, AZƏRTAC

Kaya Kallasın Azərbaycana səfəri Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında münasibətlərin məhz qarşılıqlı hörmətə və eyni zamanda anlaşmaya əsaslandığını bir daha göstərir.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan Aİ ilə fərqli sahələrdə əməkdaşlıq edir, Avropa İttifaqının üzvü olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq müqaviləsinə malikdir. Xüsusən də Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artması da ondan xəbər verir ki, tərəflər qarşılıqlı olaraq münasibətlərin dərinləşməsində maraqlıdır.

“Nəzərə alsaq ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 16 ölkədən məhz 10-u Aİ üzvü olan ölkədir. Çexiya Azərbaycandan mavi qazın alınmasında maraqlıdır, bu istiqamətdə danışıqlar aparır. Bu da onu göstərir ki, yaxın vaxtlarda Aİ üzvü olan Azərbaycandan mavi qaz alan ölkələrin sayında artımlar müşahidə olunacaq. Bu da Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə daha yaxından töhfə verəcəyi anlamına gəlir. Azərbaycan hazırda Aİ-nin mavi qaz idxalında ən böyük 5-ci tərəfdaşdır. Bu da ölkənin Aİ-nin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu bir daha təsdiq edir. Təəssüf ki, Avropa Palamentində olan müxtəlif qruplar Azərbaycan-Aİ münasibətlərinə xələl gətirməyə çalışırlar. Avropa Parlamentinin son qərəzli, saxta iddialara əsaslanan qətnaməsi də ondan xəbər verir ki, Avropa Parlamentində bir sıra xüsusən bu münasibətləri pozmağa çalışan qüvvələrin olmasına baxmayaraq Azərbaycan ilə Aİ arasında əlaqələr inkişaf edir. Biz mütəmadi olaraq Avropa Parlamentindən bu tip qətnamələrin qəbulunu müşahidə edirik. Amma bu, Azərbaycan və Aİ-nin, Aİ-yə üzv olan bir sıra ölkələrlə münasibətlərimizə xələl gətirmir. Əksinə Azərbaycan ilə Aveoa Komissiyası arasında sıx və etimada əsaslanan münasibətlər dərinləşib. Bu da birbaşa ondan xəbər verir ki, Avropa Komissiyası və Azərbaycan qarşılıqlı hörmət və tərəflərin milli maraqları nəzərə alınmaqla əməkdaşlıqda maraqlıdırlar”, - deyə V.Bayramov əlavə edib.

Deputat bildirib ki, Ermənistanda keçirilən Avropa Siyasi Birliyi zirvəsindən sonra Kaya Kallasın ölkəmizə səfəri də məhz bu münasibətlərin davam etməsində Brüsselə maraqlı olduğunu bir daha təsdiq edir: “Mütəmadi olaraq Aİ-yə üzv olan dövlətlərdən Azərbaycana yüksək səviyyəli səfərlər baş tutur. Son iki həftədə Azərbaycana Avropa İttifaqında olan 2 ölkənin baş naziri, bir ölkənin Prezidentinin səfər etməsi ondan xəbər verir ki, Azərbaycan ilə Aİ arasında münasibətlər həm də çoxtərəfli müstəvidə davam edir. Burada çox önəmli məqamlardan biri məhz strateji tərəfdaşlıq əsasında münasibətlərin inkişaf etməsidir. Çünki nəqliyyat, enerji təhlükəsizliyi istiqamətində danışıqlar və müzakirələr davam edir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət də çoxvektorlu olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın milli maraqlarını nəzərə almaqla Aİ ilə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Azərbaycan dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində regionda orta güc dövlətinə çevrilib. Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistana yanacaq ixracatı, o cümlədən Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması məhz Azərbaycanın regionda sülh və əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ki, regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan bütövlükdə dayanıqlı sülhün əldə edilməsinə ən çox töhfə verən ölkələrdən biridir. O baxımdan nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq bir tərəfdən regionla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına, digər tərəfdən region daxilində stabilliyin və əməkdaşlığın möhkəmlənməsinə imkan yaradır”.

Seçilən
11
azertag.az

1Mənbələr