“Keçid ballarının necə formalaşması abituriyentləri ən çox maraqlandıran məsələlərdəndir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində səsləndirib.
O bildirib ki, müsabiqədə iştirak etmək üçün müəyyən bal toplamaq vacibdir və bu prosesdə birinci mərhələdə əldə olunan nəticələr həlledici rol oynayır.
“Abituriyent ilk mərhələdə topladığı ballarla müsabiqəyə daxil olur. Məsələn, beşinci ixtisas qrupuna müraciət edib daha sonra qabiliyyət imtahanı verərək müsabiqəyə buraxılırsınız. İkinci mərhələdə isə ən azı 100 bal toplamaq tələb olunur. Buraxılış imtahanında toplanan ballar ikinci mərhələnin nəticələri ilə cəmlənir”, – deyə o qeyd edib.
Abbaszadə vurğulayıb ki, müsabiqəyə buraxılmaq üçün müxtəlif minimal şərtlər mövcuddur və bunlar ixtisasdan asılı olaraq dəyişir.
“150, 200, 250 ballıq ixtisaslar var. Keçid balı dedikdə əsas məsələ müsabiqəyə buraxılma şərtidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, müsabiqəyə buraxıldıqdan sonra hər ixtisas qrupu üzrə müraciət edənlərin sayı və plan yerləri əsas rol oynayır.
“Plan yerləri hələ tam dəqiqləşməsə də, ötən ilin səviyyəsində olacağı gözlənilir. Keçən il təxminən 60 minə yaxın plan yeri ayrılmışdı, onların 28 mini dövlət sifarişli idi”, – deyə DİM sədri qeyd edib.
O əlavə edib ki, dövlət sifarişli yerlərin sayı ildən-ilə artır və hazırda bu yerlər ümumi planın təxminən 50 faizini təşkil edir.
Abbaszadə sonda bildirib ki, keçid balları birbaşa plan yerlərinin sayından asılıdır: “Əgər hər hansı ixtisas üzrə yerlərin sayı artırsa, bu zaman keçid balı aşağı düşə bilər”.