Azərbaycanda insan alverinə qarşı mübarizə son illərdə hüquqi və institusional baxımdan xeyli gücləndirilib. Hüquq-mühafizə orqanlarının daha koordinasiyalı fəaliyyəti nəticəsində cinayətlərin aşkarlanması və istintaqı müəyyən dərəcədə effektivləşib, qurbanların müəyyən edilməsi və onlara göstərilən sosial-psixoloji dəstək imkanları genişləndirilib.
Beynəlxalq əməkdaşlıq və maarifləndirmə tədbirləri də bu sahədə müsbət dinamika yaradıb. Bununla yanaşı, gizli insan alveri halları, əmək istismarı və qeyri-rəsmi məşğulluq riskləri hələ də aktual problem olaraq qalır.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az -a açıqlamasında bildirib ki, mübarizənin daha effektiv olması üçün profilaktik mexanizmlər gücləndirilməli, risk qrupları ilə hədəfli iş aparılmalı və təhlükəsiz miqrasiya imkanları genişləndirilməlidir. Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemləri, xüsusilə regionlarda sosial xidmətlərin gücləndirilməsi ilə daha səmərəli işləyə bilər.
Eyni zamanda qeyd olunur ki, qurbanların yalnız ilkin deyil, uzunmüddətli reinteqrasiyası da təmin edilməli, psixoloji dəstək və məşğulluq proqramları davamlı xarakter daşımalıdır. Dövlət qurumları arasında koordinasiya və QHT-lərlə əməkdaşlığın genişləndirilməsi isə bu sahədə davamlı nəticələr üçün əsas şərt hesab olunur.
Zəhra Ağayeva