Ermənilərin Azərbaycanşünas eksperti Armine Adibekyan “Hraparak” nəşrinə müsahibəsində bildirib ki, prezident İlham Əliyevin tənqidləri Ermənistana deyil, Avropaya yönəlmişdi.
O, İ.Əliyevin Avropa Siyasi Birliyinin sammitində onlayn çıxışına toxunaraq deyib ki, Azərbaycanın Ermənistanla danışacaq mövzusu yoxdur, Nikol Paşinyanın rəhbərliyi ilə bütün tələblər yerinə yetirilir:
“Burada problem ondadır ki, Bakı Avropa ilə işləməkdən imtina edə bilməz və eyni zamanda, Avropa Azərbaycanı sanksiyalara məruz qoymaz. Çünki Avropa və Azərbaycan bir-birinə çox güclü tellərlə bağlıdır”. İ.Əliyevin Ermənistanda keçirilən zirvə toplantısına gəlməməsinə toxunan erməni təhlilçi bildirib ki, "II Aleksandr Parisə at belində, bir fateh kimi girdiyi kimi, Əliyev də İrəvana belə gələcək".
Onun fikrincə, Ərdoğan gəlmədiyi, köməkçisini göndərdiyi kimi, prezident Əliyev də İrəvana hansısa adi tədbir üçün gəlməyəcəkdi. Erməni ekspert həmçinin, Paşinyanın ünvanına ittihamlar səsləndirib, Bakı ilə sülh gündəliyinə dair qərəzli fikirlər irəli sürüb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. Dövlət başçısı bildirib ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir: "Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın".
Emil Salamoğlu
Musavat.com