AZ

Göl sahilində 5400 illik zəngin qəbir tapılıb: İçərisində nə var?

Avropanın ən böyük şirin su hövzələrindən biri olan Oneqa gölünün qərb sahilində arxeoloqlar zəngin bir qəbir aşkar ediblər...

Poliqon xəbər verir ki, Econews nəşrinin yazdığına görə, bu tapıntı daş dövründə status simvolu hesab olunur.

Dar, qırmızı oxra ilə örtülmüş çuxurda təxminən 5400 il əvvəl yaşamış bir kişi dəfn olunub. Onun bədəni piqmentlə örtülmüş və Baltik sahillərindən gətirilmiş təxminən 140 kəhrəba bəzəyi ilə bəzədilib.

Qazıntılar zamanı alimlər sıra ilə düzülmüş kəhrəba parçaları aşkar ediblər. Əksər düymələr üzü aşağı vəziyyətdə olub və vaxtilə cəsədin üzərini örtən dəri örtüyə tikilib.

Məqalədə bildirilir: "Kiçik qəbrin kənarlarında əlavə bəzəklər o qədər sıx yerləşdirilmişdi ki, iki parlaq qat əmələ gətirirdi. Çaxmaq daşından hazırlanmış nizə ucu və çoxsaylı xırda qırıntılar bütöv bıçaq və ox uclarını simvolik şəkildə əvəz edən hədiyyələr kimi şərh olunur. Şərqi Baltik yaşayış məntəqələrindən tapılmış oxşar nümunələrlə müqayisə aparan tədqiqatçılar qəbri təxminən e.ə. 3400-cü ilə, yəni eneolit dövrünə aid edirlər".

Qeyd olunur ki, bəzi bəzəklər müasir Latviyada yerləşən Sarnate qazıntı sahəsində tapılan nümunələrlə uyğunluq təşkil edir. Bu isə onların yüzlərlə kilometr uzaqdan gətirildiyini göstərir.

Dəfn yerində heç bir sümük qalıqları qalmayıb. Buna baxmayaraq, qırmızı oxra izləri və bəzəkli örtük bədənin konturlarını və son geyimini müəyyən etməyə imkan verir. Təhlillər göstərir ki, bu qəbir böyük qəbiristanlığın hissəsi deyil, yaşayış məntəqəsi daxilində ayrıca qazılmış çuxurdur.

Nəşr vurğulayır ki, bədənin üzərinə çaxmaq daşından alət qırıntıları və onların hazırlıq parçaları səpilib. Halbuki Kareliyada təbii çaxmaq daşı mənbələri yoxdur. Torpağın kimyəvi tərkibi isə yüksək arsen səviyyəsini göstərir ki, bu da mərhumun uzun müddət Oneqa hövzəsində yaşadığını ehtimal etməyə imkan verir.

Bəzi versiyalara görə, dəfn olunan şəxs Şərqi Baltikdən olan tacir ola bilər. Digər ehtimala əsasən isə o və ya yaxınları həyatlarının böyük hissəsini Oneqa gölü ətrafında keçiriblər.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr