AZ

Yeməkdən sonra yuxunuz gəlirsə, oxuyun!

Yeməkdən dərhal sonra üzərinizə ağır yuxu çökürsə, bu, bədəninizin sizə göndərdiyi ciddi bir xəbərdarlıq ola bilər. Qan şəkərini tənzimləyən insulinin təsirini itirməsi ilə yaranan insulin müqaviməti, təkcə artıq çəkili şəxsləri deyil, arıq insanları da hədəf alan gizli təhlükədir.

Xəbər verilir ki, bədənin enerji idarəetməsindən məsul olan insulin hormonu qan şəkərini balansda saxlayaraq hüceyrələrə yanacaq daşıyır. Lakin yanlış qidalanma, genetik amillər və hərəkətsiz həyat tərzi bu mexanizmi sıradan çıxarır. Hüceyrələr insulinə qarşı həssaslığını itirdikdə qandakı şəkəri enerjiyə çevirə bilmir. Nəticədə qanda şəkərin səviyyəsi yüksəlir və bir çox xroniki xəstəliklər üçün zəmin yaranır.

Həkimlər bildirirlər ki, insulin müqaviməti yalnız kök insanların problemi deyil. Zahirən arıq görünsəniz də, daxili orqanların ətrafında yığılan gizli yağlar maddələr mübadiləsini poza bilər. Bu səbəbdən bədən çəkisi təkbaşına sağlamlıq meyarı sayılmamalı, mütəmadi olaraq qan analizləri ilə insulin səviyyəsi yoxlanılmalıdır.

İnsulin müqavimətinin ən çox rast gəlinən əlamətləri aşağıdakılardır:

Yeməkdən sonra şiddətli yuxu istəyi və yorğunluq;
Tez-tez təkrarlanan şirniyyat istəkləri və qəfil acma tutmaları;
Xüsusilə qarın nahiyəsində toplanan piylər;
Diqqəti toplamaqda çətinlik və "beyin dumanı" hissi;
Dəridə (boyun və qoltuqaltı nahiyələrdə) tündləşmələr.

Bu problemi həll etməyin yolu həyat tərzini köklü şəkildə dəyişməkdən keçir. Gündəlik kalori qəbulunu bir qədər azaltmaq və ümumi bədən çəkisinin cəmi 5 faizini itirmək belə metabolik balansı bərpa etməyə kifayət edir.

Sağlam qidalança planında lifli qidalara üstünlük verilməli, şəkərdən uzaq durulmalıdır. Həmçinin həftədə ən azı 25-30 kilometr sürətli yürüş etmək hüceyrələrin insulinə olan həssaslığını artırır. Şəkərli diabeti olan şəxslər isə mütləq həkim nəzarəti altında müalicə almalıdırlar.

Qısası, əgər hər yeməkdən sonra üzərinizə ağır yuxu çökürsə və daim şirniyyat yemək istəyirsinizsə, bu, bədəninizin şəkəri enerjiyə çevirə bilməməsinin əlamətidir. Bu vəziyyət gələcəkdə ciddi xəstəliklərə yol aça bilər, ona görə də qidalanmanıza və hərəkətinizə diqqət etməlisiniz.

İsmayıl


Seçilən
1
3
azia.az

4Mənbələr