AZ

FİA 2027-ci ildən “Ferrari”nin iki aerodinamik boşluğunu bağlayacaq

Beynəlxalq Avtomobil Federasiyası “Ferrari”nin 2026 mövsümündə istifadə etdiyi iki aerodinamik boşluğu bağlamağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, söhbət “halo” qurğusunun üzərindəki kiçik qanadçıqlar və çıxış borusunun arxasındakı qanad elementindən gedir. Bu barədə xarici mətbuat məlumat yayıb.

“Ferrari” Mayami Qran-prisində “halo”nun mərkəzi dayağının yan hissələrində yerləşən qanadçıqları yenidən tətbiq edib. Çin mərhələsində komanda icazə verilən siyahıya daxil olmayan şəffaf materialdan istifadə etdiyinə görə etiraz riski ilə üzləşmiş və həmin elementləri sökmüşdü. Daha sonra Mayami yarışına qədər konstruksiya qaydalara tam uyğun şəkildə yenidən hazırlanıb və federasiya tərəfindən qanuni sayılıb.

Lakin bildirilir ki, federasiya artıq bu imkanın 2027-ci ildən etibarən aradan qaldırılmasını nəzərdən keçirir. Buna səbəb 2026 bolidlərində tətbiq olunan yüngülləşdirilmiş “halo”nun xüsusiyyətləridir. Belə ki, daha dar mərkəzi dayaq icazə verilən ölçü zonasında əlavə boşluq yaradıb və “Ferrari” də bundan istifadə edib. İndi isə federasiya oxşar həllərin inkişafının qarşısını almaq üçün texniki tələbləri dəyişmək niyyətindədir.

Eyni zamanda, federasiya çıxış borusu zonasındakı aerodinamik elementlərin də qadağan olunmasını müzakirə edir. Bu istiqamətdə inkişafı məhz “Ferrari”nin tətbiq etdiyi yeni konsepsiya sürətləndirib. İlkin mərhələdə bu həll komandanın ötürmə qutusu və arxa hissənin quruluşu ilə bağlı xüsusiyyətlər sayəsində mümkün olub. Lakin Mayami mərhələsinə qədər “Maklaren”, “Mersedes”, “Red Bull” və “Uilyams” da daxil olmaqla bir neçə komanda oxşar yanaşmalar təqdim edib.

Hazırda hər iki texniki həll mövcud qaydalara uyğundur. Bununla belə, federasiya bu sahələrdə mühəndislik yarışının daha da genişlənməsinin qarşısını almağa çalışır. “Halo” üzərindəki qanadçıqlarla bağlı dəyişikliklər təhlükəsizlik baxımından əsaslandırıla bilər, çıxış borusu arxasındakı elementlərin məhdudlaşdırılması isə komandaların səsverməsi ilə təsdiqlənməlidir.

Seçilən
51
90deqiqe.az

1Mənbələr