AZ

"Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir"

Azərbaycanla İtaliyanı qədim tarixi əlaqələr birləşdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış şəhərlər elan ediliblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra İtaliya ilə münasibətlərdə yeni bir səhifə açılmış oldu.

İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. İki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda, nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu sübut etdi. Bu görüş Bakı ilə Roma arasındakı münasibətlərin təkcə enerji deyil, həm də siyasi və humanitar sahələrdə nə dərəcədə dərinləşdiyini göstərir.

Hər iki dövlət başçısının çıxışları Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakterini, enerji sahəsində dərin əməkdaşlığı, iqtisadi, hərbi-texniki, təhsil və mədəni sahələrdə geniş tərəfdaşlıq perspektivlərini ortaya qoyur. Xüsusilə vurğulanmalıdır ki, əlaqələrin uzunmüddətli olması, daimi siyasi dialoqun aparılması, regionda sabitliyin təmin edilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki tərəf üçün prioritet istiqamətlərdir. İtaliya Baş nazirinin səfəri və əldə edilmiş razılıqlar iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ciorcia Meloninin səfəri və səsləndirilən bəyanatlar göstərir ki, İtaliya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı kimi görür. Azərbaycan isə İtaliyanı müasir texnologiyaların və investisiyaların mühüm mənbəyi kimi qəbul edir. Bu görüş həm də İtaliyanın Cənubi Qafqazda sabitlik və inkişaf naminə Azərbaycanın təşəbbüslərini dəstəklədiyinin bariz nümunəsidir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
10
redaktor.az

1Mənbələr