Buxarest, 5 may, AZƏRTAC
Cənubi Qafqaz regionu – Azərbaycan, Gürcüstan və Ermənistan – Avropa üçün alternativ enerji mənbələri, nəqliyyat dəhlizləri və Mərkəzi Asiyaya çıxış baxımından strateji əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Cotidianul” nəşrində tanınmış siyasi ekspert Mihai İsak tərəfindən dərc olunan analitik məqalədə bildirilir.
Məqalədə vurğulanır ki, bu region Avropanın enerji təhlükəsizliyi və yeni logistik marşrutların formalaşdırılması baxımından əsas platformalardan birinə çevrilir və xüsusilə Azərbaycan bu sistemdə açar rol oynayır.
Nəşrin yazdığına görə, Rumıniya üçün Cənubi Qafqaz coğrafi baxımdan Qara dəniz vasitəsilə strateji davamı hesab oluna bilərdi. Konstansa limanı, enerji infrastrukturu və Avropa İttifaqı üzvü statusu ölkəyə Avropa ilə Xəzər regionu arasında mühüm körpü rolunu oynamaq imkanı verirdi. Lakin müəllif qeyd edir ki, Rumıniya bu potensialdan tam istifadə edə bilməyib. Baxmayaraq ki, Azərbaycan ilə strateji tərəfdaşlıq 2009-cu ildə elan olunub və tərəflər arasında onlarla ikitərəfli sənəd imzalanıb, bu əməkdaşlıq kifayət qədər real iqtisadi və enerji layihələrinə çevrilməyib.
Məqalədə xüsusi olaraq vurğulanır ki, regionda ən böyük strateji əhəmiyyətə malik ölkə məhz Azərbaycandır. Azərbaycan Xəzər hövzəsinin enerji resurslarının Avropaya çıxarılmasında əsas rol oynayır və Avropa üçün etibarlı qaz təchizatçısı kimi mövqeyini gücləndirir.
Eyni zamanda qeyd olunur ki, son illərdə Avropada alternativ enerji mənbələrinə marağın artması fonunda Azərbaycan qazına tələbat da yüksəlib və bu, ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırıb.
Analitikə görə, Rumıniya vaxtında bu istiqamətdə daha fəal siyasət aparsaydı, Xəzər regionunun enerji və nəqliyyat axınlarında daha mühüm mövqe tuta bilərdi. Lakin hazırda Azərbaycan və region üzrə digər layihələr daha çox digər Avropa bazarlarına yönəlir.
Məqalədə belə nəticəyə gəlinir ki, Cənubi Qafqazda, xüsusilə Azərbaycanın iştirakı ilə formalaşan enerji və nəqliyyat dəhlizləri Avropanın gələcək strateji arxitekturasında həlledici rol oynayacaq, bu prosesdə daha çevik davranan ölkələr üstün mövqe qazanacaq.