AZ

Mövsümünə hələ var, amma qarpızlar artıq satışdadır səbəb nədir?

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Bazarlarda mövsümə uyğun olmayan meyvə və tərəvəzlərin satışı artıb. Məsələn, qarpız mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, artıq uzun müddətdir marketlərdə bu məhsula rast gəlinir.

Mövsümündən əvvəl yetişdirilən qarpızlar nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, bu gün mövsümünə uyğun olmayan meyvə-tərəvəzlər, xüsusilə giləmeyvələr barədə danışarkən həmin məhsulların genetik modifikasiya olunmuş ola biləcəyi ehtimalı da irəli sürülür.

Onun sözlərinə görə, yəni bu meyvə-tərəvəzlərin insan sağlamlığı üçün heç bir xeyri yoxdur və ya hər hansı faydalı qida komponentləri ilə zəngin deyil:

"Burada azot gübrələrindən istifadə olunaraq istixana şəraitində yetişdirilmiş giləmeyvələr ola bilər. Mövsümündən əvvəl yetişdirilən giləmeyvələr və ya meyvələr bazara çıxarılır ki, əsas məqsəd onları daha yüksək qiymətə sataraq əlavə qazanc əldə etməkdir. Yəni burada insan sağlamlığı və onun ehtiyac duyduğu qida komponentləri çox vaxt nəzərə alınmır, əsas məqsəd daha çox qazanc əldə etməkdir.

Digər bir məsələ isə odur ki, əgər məhsul idxal olunandırsa, burada temperatur rejiminə əməl olunması, onun hansı şəraitdə yetişdirilməsi, eləcə də bu məhsulların ölkəmizdə yaşayan insanların ağız dadına uyğun olub-olmaması da nəzərə alınmalıdır.

Əgər bu gün mövsümündən əvvəl, məsələn qarpızdan, yemişdən, çiyələkdən danışırıqsa və mövsümün başlamasına hələ iki-üç ay qalmış bu məhsullar satışa çıxarılırsa, demək olar ki, burada tam təbii yetişdirmədən söhbət gedə bilməz. Burada gübrələr və digər stimullaşdırıcı vasitələr istifadə olunur və bu proseslərin mütəxəssis nəzarəti ilə aparılıb-aparılmaması sual doğurur.

Əgər bu gün təsərrüfat sahibləri adi sıradan bir işçiyə həmin gübrələrin istifadə olunmasını tövsiyə edirsə, məsələn “bu gübrədən filan kola iki yüz milli ver, bəs edər” kimi göstərişlər verirsə, bu qətiyyən yolverilməzdir. Bir daha qeyd edirəm ki, gübrələrin və kimyəvi vasitələrin istifadəsi mütləq mütəxəssis nəzarəti altında olmalıdır. Əks halda bu, insan sağlamlığı üçün risk yarada bilər. Burada nəticədə nə təsərrüfat sahibi, nə də işçi zərər görür, əsas ziyanı istehlakçılar çəkir".

Ekspert qeyd edib ki, bu cür satışa çıxarılan məhsulların nümunələri Qida Təhlükəsizliyi İnstitutunda laborator analizdən keçirilməli və nəticələr əldə olunmalıdır:

"Onlara bir icazə sənədi verilsin ki, həqiqətən də bu məhsulların satışına icazə verilir, yaxud onların tərkibində insan sağlamlığı üçün risk yaradan gübrə komponentləri, azot birləşmələri və digər kimyəvi maddələr yoxdur.

Bütün bunlar təmin olunduqdan sonra, ən azı mövsümündən əvvəl satışa çıxarılsa belə, istehlakçılarda həmin məhsulların tərkibi və gübrələrin sağlamlığa mümkün təsiri barədə müəyyən məlumat formalaşmış olar".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr