Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, regionda mövcud olmuş münaqişənin dinc yolla həlli üçün öhdəlik götürmüş beynəlxalq qurumların qeyri-effektiv və ikili yanaşması nəticəsində vəziyyət uzun müddət həll olunmamış qaldı və bu da sonda hərbi gərginliyə gətirib çıxardı. Azərbaycan öz suveren ərazilərini işğaldan azad etməklə regionda ədalətli reallığın bərpası və sülhün təmin olunması istiqamətində mühüm addım atdı. "Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən ölkə başçısı keçmişdə baş vermiş proseslərə və bu günün mövcud reallıqlarına dair mövqeyini aydın şəkildə ifadə edərək vacib məsələlərə bir daha aydınlıq gətirdi.
Ölkəmizin başçısı çıxışında Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl baş tutan səfəri zamanı Zirvə görüşündə iştirak məsələsinin müzakirə edildiyini qeyd edərək bildirdi ki, tədbirə videobağlantı formatında qoşulma barədə razılıq əldə olunub. Prezident həmçinin 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünə müsbət münasibət bildirdiyini vurğulayaraq bunu Azərbaycan ilə Ermənistan arasında sülhün artıq real mərhələyə keçdiyini göstərən mühüm göstərici kimi dəyərləndirdi. Bundan başqa Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanmasına toxunaraq bildirdi ki, sülhün əldə olunması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. İndiyədək Ermənistan yükləri Azərbaycan ərazisi vasitəsilə təxminən 28 min ton həcmində daşınıb. Eyni xamanda Azərbaycan əlavə addımlar da atıb. Belə ki, ilk dəfə olaraq öz neft məhsullarını Ermənistana ixrac etməyə başlayıb. Bununla da iki ölkə arasında ticarət münasibətlərinin əsası qoyulub. Sülh sahəsində digər mühüm nailiyyət nəqliyyat bağlantıları ilə bağlıdır ki, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın Naxçıvan eksklavı ilə birləşməsinə imkan yaradacaq və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu proses nəticəsində həm Ermənistan, həm də Azərbaycan sülhün real nəticələrini artıq hiss etməyə başlayıblar. Bütün bunların fonunda dövlətimizin başçısı qeyd etdi ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə ona qarşı qərəzli mövqe sərgiləyir. 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunlar təhqir və yalanlarla xarakterizə edilir. Son qətnamə isə Zirvə görüşü ərəfəsində qəbul edilib. Təəssüf ki, Avropa Parlamenti qlobal problemlərin həlli əvəzinə Azərbaycanı hədəfə alır. Bunun əsas səbəbi isə odur ki, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident buna cavab olaraq qeyd etdi ki, Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və bir sıra əlaqəli strukturlarda iştirakın məhdudlaşdırılması barədə qərar qəbul edib və bu addım da ölkəmizin suveren maraqlarının qorunmasına yönəlib.
Deputat yekunda bildirib ki, sammitin İrəvanda keçirilməsi zamanı ölkəmizin rəyinin nəzərə alınması və "Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərar bütövlükdə Azərbaycan liderinə və ölkəmizə göstərilən xoş münasibətin göstəricisi kimi tarixə düşdü. Bu da ölkəmizin artan beynəlxalq nüfuzunun daha bir təsdiqi olmaqla yanaşı Azərbaycanın qlobal proseslərin mərkəzində yer almasını göstərir.