Kulis.az Leyla Sarabinin yeni yazısını təqdim edir.
Bəzən insanın apardığı ən böyük mübarizə həyat uğrundadır.
Əslində, bütün savaşlarımız, dava-dalaşlarımız, doğuluşumuz, hətta gedişimiz də yenidən, təkrar-təkrar qayıtmaq yolundadır. Dünyanın paralel tayında həyatın gedişatından xəbərsiz, bütün ümidimizi bir kürəyə bağlayıb, bərk-bərk yapışıb qalmaq istəyimiz... İndini yaşamağı bacarmadan dünəndə, bu gündə, sabahda eyni anda var olmaq iddiamız...
Bəlkə, həqiqətən də hər üç zamanda, hətta ad qoya bilmədiyimiz vaxt kəsiklərində birdən yurd salmışıq. Məsələn, dünənə kök saldığımız üçün bu günün torpağında cücərə bilmirik, sabahın dadı damağımıza o qədər tanışdır ki, indi ilə doğmalaşıb həzz ala bilmirik. Nədənsə ümidimizi üzüb, nəyəsə ümid bəslədiyimizdən ötrü reallığa tabe olmağı, hazırda var olmağı rədd edirik.
Mən bu trilemma arasında həmişə ən çətini seçirəm - indini... Dar gəlsə də, təslimiyyət ən doğru qərardır. Yenidən başlamaq üçün güc toplamaq, hətta sürünmək, amma işıq parçasına inanıb, ayağa qalxmaq, dadını bilmədiyin acıya tabe olub, onun apardığı yerə getmək, sonunda yolunu tapmaq, bu günün ağrısını sabaha saxlamamaq yəqin, yaşamağın aksiomudur.
Sabahın da öz ağrısı mütləq və mütləq olacaq. İndidən qaçmaq yox, əlindən tutub addımlamaq, gedənləri buraxmaq, qalanları qucaqlamaq, amma ən çox özünü sevib bağışlamaq verə biləcəyin ən doğru qərardır.
Ağrını gizlətmədən, ciyərini zəhərləmədən, ürəyini zədələmədən sağalmaqdan başqa yol yoxdur. Yoxsa təzyiq başına, başın bədəninə, bədənin də basdığın torpağa ağırlıq edib səni dibə çəkəcək. Dibdən daha sürətli qalxmaq isə üzməyi bacaranların hünəridir. Üzə bilmək üçün də ruhun, bədənin, zehnin məşqi vacibdir. Bu isə indinin, bu günün işidir. Suyun üzündə diri qalmaq, boğulmamaq üçün tarazlığı qorumaq, məqamda var olmaq, yalnız özünə sığınmaq bu anda özün üçün edə biləcəyin ən böyük yaxşılıqdır.
Bu günlərdə bir şey də öyrəndim. Sən demə, karma yoxmuş. Özümüzə yüklədiyimiz vicdanın cəzasını gözləyirik, narsissist-empat isə uydurduğumuz duetmiş. Sevgi, mərhəmət dilənməyə də gərək yoxmuş. Bu həyatda sən varsansa, sən varsan.