Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri baş tutub və bu səfər həm siyasi, həm də strateji baxımdan xüsusi maraq doğurub.
Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, Meloni hazırda Avropa siyasətində seçilən, xarizmatik və aktiv liderlərdən biridir.
Onun rəhbərliyi ilə İtaliya passiv xarici siyasətdən uzaqlaşaraq daha fəal və təşəbbüskar mövqe nümayiş etdirir.
Rzayevin fikrincə, bu yanaşma Azərbaycanla münasibətlərdə də açıq şəkildə hiss olunur. İtaliya uzun müddətdir Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri kimi çıxış edir və bu əməkdaşlıq təsadüfi deyil, uzunmüddətli strateji xəttin nəticəsidir.
İlham Əliyevin də vurğuladığı kimi, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və bu fakt münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu göstərir.
Ekspert qeyd edir ki, Meloninin Azərbaycana səfəri təkcə ikitərəfli əlaqələr deyil, həm də regiondakı proseslər baxımından əhəmiyyətlidir. Onun Ermənistanda keçirilən Avropa Siyasi Birliyi Zirvə Görüşündən sonra Bakıya gəlməsi İtaliyanın regionda balanslı və ardıcıl siyasət yürütmək niyyətini göstərir. Görüşlərdə Azərbaycan–Ermənistan münasibətləri də müzakirə olunub və Meloni normallaşma prosesinə dəstəyini ifadə edib.
Enerji məsələləri isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan qazının TANAP və TAP vasitəsilə Avropaya, xüsusilə İtaliyaya nəqli bu əməkdaşlığı daha da gücləndirir.
Rzayev onu da vurğulayır ki, bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirib.
Bununla yanaşı, nəqliyyat və logistika layihələri də diqqət mərkəzindədir. Ekspert hesab edir ki, regionda yeni marşrutların açılması həm Bakı, həm də Roma üçün strateji əhəmiyyət daşıyır və gələcəkdə enerji ixracı ilə yanaşı, ticarət dövriyyəsini də artıracaq.
Politoloq eyni zamanda əlavə edir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində ən fəal iştirak edən ölkələrdəndir. Artıq İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda onlarla layihə həyata keçirir və bu da münasibətlərin yalnız enerji ilə məhdudlaşmadığını göstərir.
Eyni zamanda, tərəflər arasında yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq da formalaşır. Ekspert bunu münasibətlərin daha yüksək mərhələyə keçidinin göstəricisi kimi qiymətləndirir.
Ümumilikdə, Turan Rzayevin qənaətinə görə, Azərbaycan–İtaliya münasibətləri artıq regional çərçivəni aşaraq daha geniş geosiyasi və strateji məzmun kəsb edir və bu dinamika yaxın illərdə daha da güclənəcək.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.