AZ

Bir dəqiqəlik kefə uduzmuşuq… Gülay Tahirlinin yeni şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az Gülay Tahirlinin yeni şeirlərini təqdim edir.

Hərdən xatırlayıram və deyirəm ki,

Lənət sənə, Pandora!

Sənin marağınamı yenildi bütün dünya?!

Sevgili Kron!

Zevs bilib udduğun daş

Hamımızın başına düşdü.

Aşına tökdüyün zəhər

Hamımızın qaşığına düşdü.

Səndən bu tərəfə insanlığın “kül” dövründəyik.

Palıd ağacının altındakı xorultunda

Bir qaşıq bala uduzmuşuq…

Bir dəqiqəlik kefə uduzmuşuq…

Adəm babam, Həvva nənəm,

Niyə sizin cəzanızı çəkən mənəm?

Dünya bir həbsxana,

Bizlərsə məhkum…

Qabildən sonra hamımızın qanında “qan” var…

Xoşbəxtlik-filan deyib aldadırlar başımızı,

İnanan var, aldanan var…

Zəncirlənmiş Prometey!

Bir ovuc odu bayraq edib,

Özünü insanların dostu sanma!

Lənət olsun sənin göz yaşlarına qarışıb

Yoğrulduğum günə!

Mənim ciyərimi qartal didsəydi,

Sevinərdim, Prometey!

Mənim ciyərimi sevdiyim adamlar diddi,

Daha Herakl da tapa bilməz

Ruhumun bircə tikəsin!

Tapa bilməz, Prometey!

***

Gedin, bütün adamlar!

Sizlərlə yarım qalmaqdansa,

Tənhalığımla bütün olaram!

Adımı bilmək,

Üzümü seçmək

Məni tanımaqdır məgər?

And içərəm bütün quşların dən ümidinə,

Tora salınan balıqların yem sevincinə,

Göy üzünün mavisinə,

Bəyazına…

Məni tanıyan kimsə olmadı bu həyatda.

Ruhumdan soyunub atsam bədənimi,

Yenə yad olaram qardaşıma, bacıma…

Mən ortaq istəmirdim ağrıma, acıma,

Allah versin öz əlacıma…

Sadəcə tanınmaq, bilinmək arzusu…

Sözdən, bədəndən, maddədən uzaq…

Azərbaycan dilini deyə bilmərəm,

Həyat dilində

Heç bir şəxs mənsubiyyət qəbul etmir.

HAMIMIZ TƏNHAYIQ!

***

Bir vaxtlar onu düşünüb

“Görən, necədir?” dediyin qadın,

O çırpındığın, arzuladığın qadın

Bir də görürsən, yanındadır.

Yanındadır və bilmirsən, necədir…

***

Bu gözəl göy üzünün altında

Çirkin adamlar

Elə gözəl yaşayırlar ki, Fyodor!

Bu gözəl göy üzünün altında

Gözəl adamlar elə gözəl

Yaralar daşıyırlar ki...

Bu gözəl göy üzünün altından

Ya gərək dişini sıxıb gedəsən.

Ya da bir ömür

Ürəyini sıxıb ölüm güdəsən.

Olmur, Fyodor, olmur.

Adamları daha göy üzünün

Gözəlliyinə də güzəştə getmək olmur…

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
kulis.az

2Mənbələr