Paytaxtda aparılan söküntü və yenidənqurma işləri minlərlə vətəndaşın həyatına birbaşa təsir edir. Xüsusilə, kiçik sahəli mənzillərdə yaşayanlar üçün ayrılan kompensasiya məbləğinin bazar qiymətlərinə uyğun olmaması ciddi narazılıq doğurur. Artan daşınmaz əmlak qiymətləri fonunda bu vəsaitlə yeni mənzil əldə etmək bir çox hallarda mümkünsüz görünür.
Bəs kiçik sahəli evlər üçün kompensasiya məbləği artırıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, “Bakı şəhərinin Baş planı 2040” layihəsinə uyğun olaraq istismar müddəti bitmiş və qəzalı binalar sökülür, onların yerində yeni tikililər inşa edilir və ya ərazilərdə abadlıq işləri aparılır.

Onun sözlərinə görə, bu zaman mülkiyyətindən imtina edən vətəndaşlara kompensasiya ödənilir:
“Əgər sökülən ərazidə çoxmərtəbəli bina tikilmirsə, vətəndaşa verilən kompensasiya yeni mənzil alması üçün nəzərdə tutulur. Yox, əgər həmin ərazidə yeni bina inşa olunursa, bu halda vətəndaşlara müvəqqəti kirayə xərclərini qarşılamaq üçün ödəniş olunur ki, tikinti başa çatana qədər yaxın ərazilərdə yaşaya bilsinlər”.
Ekspert qeyd edib ki, əsas problemlərdən biri məhz kiçik sahəli mənzillərə görə verilən kompensasiyanın yetərsiz olmasıdır:
“Az sahəsi olan mənzillərin sahibləri verilən məbləğlə yeni mənzil əldə etməkdə çətinlik çəkirlər. Çünki daşınmaz əmlak bazarında qiymətlər davamlı olaraq artır və bu, kompensasiyanın alıcılıq qabiliyyətini aşağı salır”.
Vüqar Oruc vurğulayıb ki, problemin həlli üçün müxtəlif təkliflər irəli sürülür:
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq təklif etmişik ki, kompensasiya yalnız sahəyə görə deyil, otaq sayına görə də hesablansın. Məsələn, vətəndaşın əvvəlki mənzili 2 otaqlıdırsa, ona yeni tikilidə də 2 otaqlı mənzil əldə edə biləcək səviyyədə kompensasiya verilməlidir. Bu zaman sahə deyil, funksional yaşayış şəraiti əsas götürülə bilər. Həmçinin müəyyən əmsallar tətbiq olunmaqla vətəndaşın bazar qiymətlərinə uyğun mənzil əldə etməsinə şərait yaradılmalıdır”.
Ekspert əlavə edib ki, vətəndaşlar aşağı məbləğlə çətin vəziyyətdə qoyulmamalıdır:
“Bütün hallarda vətəndaş taleyin ümidinə buraxıla bilməz. Dövlət hər zaman vətəndaşın yanında olub.
Əvvəllər sənədsiz evlərə kompensasiya verilməsə də, son təbii fəlakətlərdən sonra dövlət tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb.
Cənab Prezidentin sərəncamından sonra Nazirlər Kabineti tərəfindən müvafiq mexanizmlər işlənib hazırlandı və nəticədə həmin vətəndaşlara da kompensasiya ödənildi.
Mövcud şəraitdə kiçik sahəli mənzillərin kompensasiya məbləğinə yenidən baxılması zəruridir.
Bu istiqamətdə yeni yanaşmalar tətbiq olunarsa, vətəndaşlar bazar qiymətlərinə uyğun şəkildə mənzillə təmin edilə bilərlər”.
Aynurə İsmayıl
KONKRET.az