Bakı, 5 may, AZƏRTAC
May və sentyabr aylarında xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim etməsi nəzərdə tutulur. Oktyabrda isə şirkətlərin 6-cı “Rebuild Karabakh” şərgisində iştirakı planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu “Caspian Agro Week”in açılış mərasimində çıxışı zamanı İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Bu kimi sərgilər qeyri-neft-qaz sektorunun inkişafına və ixrac imkanlarının genişləndirilməsinə öz töhfəsini verir. “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə məhsulların tanıdılması üçün mühüm platforma rolunu oynayır”, - deyə o qeyd edib ki.
Yusif Abdullayev bildirib ki, yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 862 milyon dollar təşkil edib: “Keçən il 50-dək yerli şirkət “Made in Azerbaijan” brendi ilə 6 beynəlxalq sərgidə iştirak edib. Yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Həmçinin martda Azərbaycan məhsulları Almaniyanın Düsseldorf şəhərində keçirilən “ProWein 2026” - 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub, sərgidə 11 yerli şirkət iştirak edib”.